Ali Məhkəmə: “‘Amnesty International’, ‘Human Rights Watch’ təşkilatları geniş şəkildə sənədləşdiriblər”

Azərbaycan Ali Məhkəməsi Ermənistan silahlı qüvvələrinin mülki əhalini hədəf alacaq raket hücumları ilə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir ki, 27 və 28 oktyabr 2020-ci il tarixlərində Ermənistanın silahlı qüvvələri rəsmi olaraq elan edilmiş humanitar atəşkəs rejimini yenidən pozaraq “Smerç” yayılım atəşli reaktiv sistemdən və beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə fəal hərbi zonadan təxminən 40 kilometr aralıda yerləşən sıx məskunlaşmış əhalisi olan Azərbaycanın Bərdə şəhərinə zərbələr endiriblər.

“Azərbaycanın mülki əhalisinə qarşı qəsdən və heç bir ayırım gözlənilmədən törədilən hücumlar nəticəsində uşaqlar da daxil olmaqla 26 mülki şəxsin öldüyü və 83-dən çoxunun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir”.

91 mülki şəxs öldürülüb, 400-dən çox yaralı var

Ali Məhkəmənin yayımladığı bəyanatda deyilir ki, bu son hücumlar “Amnesty International”, “Human Rights Watch” və digər insan hüquqları təşkilatlarının yayımladığı hesabatlarda geniş şəkildə sənədləşdirilib.

“Ümumilikdə Ermənistanın hücumları nəticəsində bu günədək 91 mülki şəxs öldürülüb, 400-dən çoxu müxtəlif dərəcəli bədən xəsarəti alıb və 3000-dən artıq mülki obyekt məhv edilib”, – deyə sənəddə qeyd edilib.

Ali Məhkəmə bildirir ki, Ermənistan hökuməti Azərbaycanın işğal olunmuş ərazilərindəki cinayətkar rejimə hərbi, siyasi, maliyyə və digər maddi dəstək verir, o cümlədən silahlı qüvvələrini, hərbi texnikasını və “könüllülər” adlandırdıqları, əslində isə muzdlular olan şəxsləri suveren Azərbaycan ərazisinə göndərir.

Azərbaycan hökuməti Avropa Məhkəməsinə müraciət edib

“Qeyd edilən halları təsdiq edən xeyli sayda əsaslı sübutların olması nəzərə alınaraq, Azərbaycan hökuməti 2020-ci il oktyabrın 27-də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət göndərib. Azərbaycan Məhkəmədən Ermənistanı yuxarıda göstərilən qanunsuz tədbirlərin dayandırılmasına əlavə olaraq silahlı qüvvələrini və qanunsuz olaraq Azərbaycanda yerləşdirilmiş silahlılarını geri çəkməyə və Azərbaycana və onun vətəndaşlarına qarşı nifrət siyasəti yürütməkdən çəkindirməyə çağırmağa tələb edib”.

Sənəddə deyilir ki, Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsinə tam uyğun olaraq Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı şəhərləri də daxil olmaqla, bir sıra şəhər və qəsəbələri erməni işğalından azad edib.

“Biz beynəlxalq ictimaiyyəti Bərdə şəhərinə və Azərbaycanın digər yaşayış məntəqələrinə qarşı törədilən terror aktlarını qətiyyətlə pisləməyə çağırırıq. İnsanlığa qarşı bu dəhşətli cinayətləri, o cümlədən 1992-ci ilin fevralında Xocalı şəhərində Azərbaycanın mülki əhalisinə qarşı törədilən misli görünməmiş soyqırımı törədənlər dərhal tutulmalı və ədalət mühakiməsinə cəlb olunmalıdırlar”, – deyə bəyanatda deyilir.