Alyaskanın cənub sahillərində zəlzələ baş verib

Bazar ertəsi 7.5 bal gücündə zəlzələ Alyaskanın cənub sahillərinin təxminən 1600 km ərazisində sunami xəbərdarlığına səbəb olub. Təhlükə 2 metrdən hündür dalğalar meydana gəldikdən sonra azalıb.

Milli Sunami Xəbərdarlıq Mərkəzi zəlzələnin Alyaska yarımadasının 900 nəfər sakini olan Sand Point şəhəri yaxınlığında baş verdiyini, bazar ertəsi gecə saatlarında dalğaların səviyyəsiinin 0.61 metrə çatdığını bildirib. Xəbərdarlıq bazar ertəsi gecə qaldırılıb.

“Burada olduqca güclü bir titrəyiş oldu. Zəlzələ zamanı suyun titrədiyini və parıldadığını gördük. Yük maşınımız yırğalanırdı” – deyə, Sand Pointdəki Marine View Bed and Breakfast mehmanxanasının meneceri David Adams bildirib.

“Bu birdən-birə oldu” deyən Adams heç bir foto və ya video çəkməyib.

Zəlzələ Sakit Okeanın şimal hissəsində, günorta saat 1-ə yaxın baş verib. Alyaska Zəlzələ Mərkəzinin bildirdiyinə görə, zəlzələnin mərkəzi Sand Pointdən təxminən 118 kilometr cənub-şərqdə olub. Zəlzələnin dərinliyi 30 km təşkil edib..

Alyaska Zəlzələ Mərkəzinin verdiyi məlumata görə, 11 dəqiqə sonra 5.2 bal gücündə yeraltı təkanlar Sand Point, Çignik, Unalaska və Kenay yarımadası da daxil olmaqla, cənub sahilindəki bölgələrdə hiss olunub.

MƏNBƏVOA
Əvvəlki məqaləABŞ-da seçkilərindən əvvəl heç bir koronavirus peyvəndi olmayacaq
Növbəti məqalədəABŞ Aeroflotun 113 əməkdaşının vizalarını ləğv edir