Azərbaycan və Ermənistanda koronavirus: yoluxma halları rekord həddə çatır

Qarabağ və ətraf rayonlarda bir aya yaxındır ki, davam edən hərbi əməliyyatların fonunda koronavirusla bağlı vəziyyət yenidən alovlanmaqdadır. Azərbaycan və Ermənistanda günlük yoluxma halları rekord həddə çatıb.

Azərbaycanda müharibədən əvvəl tədricən azalan yoluxma hallarının sayı bu həftə iki dəfə 800 həddini keçib.

Operativ Qərargahın verdiyi məlumata əsasən, bu gün ərzində 792 yoluxma və 8 ölüm halı qeydə alınıb. Ötən günlər yoluxmaların sayı daha yüksək idi – 803 və 825. Müqayisə üçün: sentyabrın 22-də günlük yoluxmaların sayı 98 olub. Eyni gün ərzində 2 ölüm faktı qeydə alınıb.

Ermənistanda ilk dəfə olaraq, gün ərzində 2474 yoluxma halı qeydə alınıb. Ötən ay yoluxmaların sayı yüzlərlə ölçülən ölkədə bu rəqəm yeni antirekord təsis edir.

Ermənistan Səhiyyə Nazirliyinin məlumatına görə, 22 sentyabrda günlük yoluxma hallarının sayı 115 səviyyəsində olub

Azərbaycanda həm səhiyyə rəsmiləri, həm də əsgərlər cəmiyyəti karantin rejimi qaydalarına əməl etməyə çağırıblar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hərbi əməliyyatlar nəticəsində insanların bir yerdən digərinə köçünün əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacağı barədə xəbərdarlıq edib.

Azərbaycanda koronovirusun yayılması ilə bağlı son qərara əsasən, xüsusi karantin rejimi noyabrın 2-dək uzadılıb.

Bu müddət ərzində dövlət müəssisələrində işçilərin sayı azaldılıb, təhsil müəssisələrində 2 noyabra kimi tətillər elan edilib.

Tibbi Ərazi Bölmələri İctimai Birliyinin (TƏBİB) infeksion xəstəliklər üzrə İşçi qrupunun rəhbəri diqqətin ön cəbhəyə yönəldiyi bir vaxtda koronavirusun yayılmasının artan istiqamətdə davam etdiyini deyib.

“Təbii ki, bunlar anlaşılandır, ancaq indi arxa cəbhədəki koronavirusu unutmuşuq, buna adi düşmən kimi baxırıq, diqqətimiz əvvəlki qaydada deyil,” – Vasif Əliyev APA agentliyinə bildirib.

TƏBİB işçi qrupunun rəhbəri qaydalara əməl etməyə səsləyib, çünki onun sözlərinə görə, mülkilər arasında yayılan yoluxma halları hərbçilərin və tibbi heyətin yoluxmasına da səbəb ola bilər.

Üzlərində tibbi maska olan polis əməkdaşları

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika Milli Mərkəzinin nümayəndəsi deyib ki, əhali qaydalara riayət etməsə Ermənistan yaralı əsgərlə COVID-19 xəstəsi arasında seçim etməli olacaq.

Romella Abovyan rekord rəqəmləri “müharibə bəhanəsi ilə” maska taxmaq, məsafəni saxlamaq və əlləri dezinfeksiya etmək kimi üç tələbə riayət etməməklə bağlayır.

“Qoy hamı ön cəbhədə +38 temperaturu və sətəlcəmi olan əsgəri təsəvvür etsin”, o, Ermənistan mediasına deyib.

Bu arada azərbaycanlı çağırışçılar ictimaiyətə müraciətində koronavirus infeksiyasının (COVID-19) yayılmasının qarşısını almaq karantin rejiminin qaydalarına, tibbi tövsiyələrə və müvafiq təlimatlara riayət edilməsinin vacibliyini bildiriblər.

Onlar vətəndaşları arxa cəbhədə pandemiya dövrünün tələblərinə uyğun olaraq COVID-19-a qarşı aparılan mübarizədə aktiv iştirak etməyə çağırıblar.

“Bu gün Ermənistanın işğalına son qoymaq üçün şanlı Azərbaycan ordusu cəbhədə zəfərlər qazanır. Biz cəmiyyət olaraq həmrəylik nümayiş etdirib, gözəgörünməz düşmən olan koronavirusla mübarizədən də qalib çıxmalıyıq,” – Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin saytında əsgərlərin müraciətindən iqtibas gətirilir.

Hərbi əməliyyatların təsiri

ÜST hərbi əməliyyatların koronavirusun yayılmasına “böyük təsirini” qeyd edir.

“Davamlı toqquşmalar nəticəsində insanların bir yerdən digərinə köçü əhalinin sağlamlığı ilə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaqdır”, – 22 oktyabrda təşkilatın Avropa üzrə regional direktorunun adından yayılan rəsmi bəyanatda deyilir.

ÜST pandemiya şəraitində davam edən silahlı münaqişənin səhiyyə sisteminə əlavə təzyiq yaratdığını qeyd edir.

“Münaqişə, pandemiya səbəbindən yükü artan səhiyyə sistemini daha da yükləməklə onun işinə birbaşa mənfi təsir göstərir. Bu, ÜST-nin Avropa regionunda COVID-19-a yoluxma hallarının sayının artmağa davam etdiyi bir vaxta təsadüf edir”.

İndiyədək Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 48 mini keçib. Ermənistanda bu rəqəm 74 minə yaxınlaşır.

Koronavirus hallarının yenidən artması dünya boyunca da müşahidə olunur. Hazırda 189 ölkədə 40 milyondan artıq təsdiqlənmiş yoluxma hadisəsi qeydə alınıb, 1 milyondan çox insan həyatını itirib.

Bir çox Avropa ölkəsinin səhiyyə rəsmiləri yeni hadisələrin və xəstəxanalara müraciətlərin sürətlə artdığını deyirlər.

İspaniya bir milyondan çox yoluxma hadisəsini qeydə alan ilk qərbi Avropa ölkəsi olub.