Biz “güzgü cavabı” hazırlamalıyıq – İlqar Məmmədov

Azərbaycan ordusunun Qarabağda uğurlu döyüşləri azərbaycanlılara tarixi Azərbaycanın bir hissəsinin həll edilməmiş problemini – Zəngəzuru xatırladıb. Bu ərazi hazırda Ermənistana məxsusdur, İranla həmsərhəddir və Azərbaycanı onun digər hissəsindən – Naxçıvandan ayırır.

1919-cu ilin avqustunda Qaregin Njdenin rəhbərlik etdiyi dəstələr tərəfindən işğal edildikdən sonra Zəngəzur Ermənistanda qalıb. Ermənilər 32 Azərbaycan kəndinin sakinlərini öldürüblər.

Ötən əsrin səksəninci illərinin sonlarında Zəngəzurdan sürgün edilmiş keçmiş Ermənistan vətəndaşları Azərbaycanda qaçqın statusunda yaşayırlar. Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Turan-a müsahibəsində bu torpaqların Azərbaycana qaytarılması zərurətindən danışıb.

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının sədri Devlet Bahçeli də sentyabrda müharibənin ilk günlərində Azərbaycanın Naxçıvana qovuşması mövzusunu gündəmə gətirib.

Azərbaycanda Respublikaçı Alternativ (REAL) partiyasının lideri İlqar Məmmədov da Zəngəzur problemini qaldırır.

Məmmədov Turan-a müsahibəsində Qarabağdakı vəziyyətdən və Azərbaycanın gələcək addımlarından bəhs edir.

– Mövcud hərbi uğurları nəzərə alaraq yaşadığımız bölgəyə dair siyasətini fikrinizcə Azərbaycan necə qurulmalıdır?

– Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasından sonra Azərbaycan, Ermənistan və Gürcüstan arasında elə ticarət, iqtisadi və siyasi əməkdaşlığına nail olmaq istərdik ki, bölgəmiz bu üç ölkənin daxili quruluşunun müasir demokratik prinsiplərinə əsaslanan vahid bir iqtisadi məkana çevrilsin.

– Ancaq bir gün əvvəl Zəngəzuru tanımaq təşəbbüsü ilə çıxış etdiniz.

– Bu təşəbbüs ancaq İrəvanda son günlərdə müşahidə olunan diplomatik meyllərə güzgü cavabı nəzərdə tutur. Təşəbbüsün mahiyyəti ondan ibarətdir ki, İrəvan özü “Dağlıq Qarabağ Respublikası”nı tanısa və ya onun başqa dövlət tərəfindən tanınmasına nail olsa, o zaman Bakı Zəngəzur qaçqınları adından çıxış edən qurumlardan birini və ya belə qurumların ittifaqını müstəqil dövlət kimi tanımalıdır.

Zəngəzur azərbaycanlılarının haqqı barədə çoxdan, hətta 2010-cu ildə Milli Məclis deputatlığına namizəd olduğum vaxtdakı çıxışlarımda belə çıxışlar etmişəm və edirəm. Bu mövzunun danışıqlardan kənarda qoyulması Ermənistana edilən həddən artıq bir güzəştdir.

Qarabağ münaqişəsinin başlandığı anda Zəngəzurda öz tarixi torpaqlarında daha çox azərbaycanlı yaşayırdı, nəinki Dağlıq Qarabağda erməni. Amma muxtariyyətləri yox idi və 1987-1989-cu illərdə oradan zorla qovuldular. Odur ki, onların statusu və durumu hazırda davam edən münaqişənin bir hissəsidir. Həll etmək istədiyimiz münaqişə hansısa ayrı və ya başqa bir münaqişə deyil, elə həmin münaqişədir.

– Sizcə təşəbbüsünüz hökumət tərəfindən qəbul ediləcək? Bunu səlahiyyətlilərlə müzakirə etdinizmi?

– Məncə, cəmiyyət bütövlükdə təşəbbüsümüzü bəyənirsə və hökumət də cəmiyyətin bir hissəsidirsə, o zaman hökumət bu fikri dəstəkləyə bilər. Ancaq vurğulamaq istərdim: hökumətin siyasətinə tənqidi münasibətimizə baxmayaraq, bu təşəbbüs şərtidir. O, güzgü tədbiri olaraq İrəvanın gələcək addımları ilə şərtlənir: yalnız Ermənistan və ya onun müttəfiqi “DQR”-i tanıyarsa, Zəngəzurun müstəqilliyini tanımalıyıq.

– Bu tanınmadan praktik baxımdan nə çıxır?

– Diplomatiyadan tutmuş mövcudluq təcrübəsinə qədər hər şeydə güzgü prinsipi əsas götürülməlidir. “DQR”-in tanınmasının faktiki halları Azərbaycan üçün nə qədər pis olsa, Zəngəzurun tanınmasının faktiki halları Ermənistan üçün bir o qədər pis olmalıdır. Ancaq gözləntim odur ki, Azərbaycan ordusu işğal rejimini ərzilərimizdən tezliklə qovacaq və “DQR”-in tanınmasına cavabımız Zəngəzurun hələlik sadəcə rəsmi tanınması ilə məhdudlaşacaq.

– Potensial tanınma obyekti haqqında danışarkən hansı strukturları nəzərdə tutursunuz?

– Qaçqınlar adından çıxış edən hər hansı bir qurumun adını ayrıca çəkmək istəmirəm. Onlar məlumdur və təklif etdiyimiz istiqamətdə hökumət onlarla işləməyə başlamalıdır. Hələ başlamayıbsa.

– Dünya bu təşəbbüsü necə qarşılayacaq?

– Biz Ermənistana qarşı ərazi iddialarının irəli sürülməməsi ilə bağlı hakimiyyətin xəttini tamamilə dəstəkləyirik. Ancaq qarşı tərəfin gələcəkdə mümkün olan hərəkətlərinə güzgü prinsipinə əsaslanan cavab təklif edirik. “Mümkün olan” deyirəm, çünki Ermənistanın həm prezidenti, həm də baş naziri bu barədə fəal danışırlar.

 Təkrar etsəm də, partiyamız Cənubi Qafqazın müharibədən sonrakı quruluşuna tamamilə fərqli baxır. Azərbaycan, Ermənistan və Gürcüstanın ortaq dəyərlər və demokratik siyasi təsisatlara əsaslanan hərtərəfli iqtisadi inteqrasiyasını istəyirik. Bu bölgə üçün ən yaxşı inkişaf yolu olardı. Ancaq keçmiş və gələcək haqqında öz fikirləri olan qonşularımız da var.