BMT qətnamələri hələ də lazımdırmı?

Qarabağda döyüşlərin davam etdiyi ərəfədə müxtəlif ölkələr, eləcə də beynəlxalq təşkilatlar tərəfləri atəşkəsə çağırır. Lakin bununla bağlı konkret bir irəliləyiş yoxdur.

Siyasi şərhçi Rauf Mirqədirov bunda həm də Azərbaycan hökumətini suçlayır.

O deyir ki, beynəlxalq qanunla Dağlıq Qarabağ da daxil, ətraf 7 rayon Azərbaycanın ərazisi kimi tanınıb.

Lakin o təəssüflənir ki, Azərbaycan hökuməti BMT-nin Qarabağla bağlı qətnamələrinin icrası ilə bağlı diplomatik sahədə qətiyyətli addımlar atmayıb:

“27 il ərzində bir dəfə də olsun BMT Təhlükəsizlik Şurası Qarabağla qətnamələrin icra vəziyyətini müzakirə etməyib. Yəni ki, Azərbaycan tərəfdən buna təşəbbüs olmayıb. Ona görə də Azərbaycan hökuməti bunun izahını verməlidir. İzah etməlidir ki, niyə bunu etmir. Nə üçün hətta bugün də məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsinin təşəbbüskarı kimi Azərbaycan yox, kənar qüvvələr olur. Birinci dəfə bu məsələni Baltikyanı ölkərdən biri qaldırmışdısa, indi də həmsədrlər qaldırır”.

Rauf Mirqədirovun fikrincə, BMT Təhlükəsizlik Şurası tərəfləri atəşkəsə çağırmaq əvəzinə, qətnamələrin niyə 27 ildə icra olunmamasını müzakirə etməli idi.

Bir neçə gün öncə, oktyabrın 19-da BMT-nin Təhlükəsizlik Şurası Qarabağ məsələsini müzakirə edib və tərəfləri yeni atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

Moskvanın BMT-dəki səfiri Vasili Nebenzya deyib ki, Təhlükəsizlik Şurasının iclasında üzvlər atəşkəsə nəzarətin vacibliyini vurğulayıblar.

“Biz faktiki olaraq, beynəlxalq qanunu bərpa edirik”

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin sədri, deputat Səməd Seyidov ötən 27 ildə Azərbaycanın hansısa təşəbbüslərlə çıxış etməməsi haqda təndiqlərlə razılaşmır.

O bu cür fikir səsləndirənləri sadəlöv adlandırır və vurğulayır ki, prezident İlham Əliyev başda olmaqla, onun özü də AŞPA-dakı çıxışlarında dəfələrlə BMT-nin qəntamələrini icra etmədiyinə görə Ermənistana sanksiyalar qoyulması məsələsini qaldırıblar. Lakin bir nəticəsi olmayıb:

“Biz faktiki olaraq, beynəlxalq qanunu bərpa edirik. Ona görə də BMT özü oturub, fikirləşməlidir ki, niyə bu qərarlar vaxtlı-vaxtında yerinə yetirilməyib. Bu qərarlar yerinə yetirilsəydi, vaxtında Ermənistana qarşı qərarları icra etmədiyi üçün sankisya qoyulsaydı, tələblər edilsəydi, hansısa mexanizmlər düşünülsəydi, bu gün bu müharibə də olmazdı”.

1992-1993-cü illərdə BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması ilə bağlı dörd qətnaməsi hələ də icra olunmayıb.

Təəssüflər olsun ki, BMT…

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, bu gün BMT-nin elə də bir ciddi nüfuzu qalmayıb. O düşünür ki, Azərbaycan öz suverenliyini özü bərpa edə bilər:

“Təəssüflər olsun ki, bu qətnamələr olsa da, icra mexanizmləri yox idi. Yaxşı, deyək ki, qoşunlarını göndərib erməniləri bizim işğal olunmuş ərazilərdən qova bilməzdilər. Bu çətin bir məsələ idi. Amma heç olmasa Ermənistana qarşı tənqidi mövqe göstərə, sanskiyalar qoya bilərdilər. Biz görürük ki, bunların heç birini etməyib. Ona görə yox ki, Azərbaycanın xarici siyasəti faəl olub və ya olmayıb. BMT-nin fəaliyyətsizlik və effektivsizliyini təkcə Azərbaycan tənqid etmir”.

Tofiq Zülfüqarov deyir ki, məhz fəaliyyətsizliyinə görə bəzi böyük dövlətlər BMT-nin Təhlükəsizlik Şurasının səlahiyyətləri və tərkibinin dəyişdirilməsini təklif edirlər.

Sentyabrın 27-dən Qarabağda döyüşlər başlayıb. Hər iki tərəf ilk olaraq, döyüşlərin qarşı tərəfin başladığını iddia edir.

Azərbaycan hökuməti bəyan edir ki, Qarabağ Azərbaycanın suveren ərazisidir və o öz ərazilərini işğaldan azad edir.

Ermənistan tərəfi isə Qarabağda yaşayan etnik ermənilərin öz müqəddəratlarını özlərinin həll etməli olduğunu, Dağlıq Qarabağın müstəqilliyinin tanınmasını istəyir.

27 ildən ildən çoxdur bu istiqamətdə aparılan danışıqların isə bir nəticəsi olmayıb.

Qarabağ münaqişəsi 1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə başlayıb.

1994-cü ildə imzalanmış atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib.