Canlı bloq: “Düşmənin xeyli canlı qüvvəsi məhv edilib” – [yenilənir]

17:23

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 30-u saat 12.55 və saat 14:18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin 2 ədəd “Smerç” yaylım atəşli reaktiv sistemləri məhv edilib.

Reaktiv sistemlərin məhv edilidyi anın videogörüntülərini təqdim edirik.

14:21

Ermənistan mətbuatı guya Azərbaycan Ordusuna məxsus döyüş sursatı anbarının məhv edilməsi ilə bağlı növbəti yalan məlumat yayıb. Lakin düşmən həmin anbarın yaxın məsafədən çəkilmiş videogörüntüsünü məlumata əlavə etməklə öz saxtakarlığını bir daha ifşa edib.

Bu barədə Müdafiə nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

“Həqiqətdə isə oktyabrın 29-da gecə saatlarında Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazimizdəki yeni inşa edilmiş raket-artilleriya silahları anbarı bölmələrimiz tərəfindən məhv edilib”, – açıqlamada bildirilib.

14:10

Ermənistan silahlı qüvvələri yenidən Ağdam rayon ərazisini artilleriya atəşinə tutub.

Bu barədə “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir.

Düşmən növbəti dəfə dinc sakinləri hədəfə alaraq top mərmiləri atıb.

Mərmilərdən biri rayonun Əhmədağalı kəndi sakini Vəfa İsmayıl oğlu İsgəndərova məxsus yaşayış evinə düşüb. Nəticədə evə külli miqdarda ziyan dəyib. Xırdabuynuzlu heyvanlar və ev quşları tələf olub.

13:10

Azərbaycan Ordusuna məxsus PUA-nın guya cəbhə xəttində vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat yalan və dezinformasiyadır.

Bu barədə Azərbaycan Müdafiə nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

12:24

Hazırda Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonu tərəfdən Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görüləcək.

11:21

Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir:

“Ermənistan mətbuatı bu ölkənin müdafiə nazirliyinin rəsmisinə istinadən guya Azərbaycan Ordusunun hücum etmək cəhdi və itki verərək geri çəkilməsi barədə xəbər yayıb.

Rəsmi olaraq bildiririk ki, bu xəbər növbəti dezinformasiyadır və bölmələrimiz tərəfindən heç bir hücum cəhdi olmayıb.”

10:52

Azərbaycan Ordusu tərəfindən düşmənə qarşı görülən tədbirlər davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Oktyabrın 29-da gün ərzində cəbhənin bir neçə istiqamətdə düşmənin hücum etmək cəhdinin qarşısı qətiyyətlə alınıb. Döyüş texnikası və canlı qüvvə sarıdan xeyli sayda itki verən düşmən geri çəkilməyə məcbur edilib.

Görülən cavab tədbirləri nəticəsində hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi məhv edilib.

Belə ki, Ermənistan silahlı qüvvələrinin 18-ci motoatıcı diviziyasının müdafiə zolağında avtomobil kolonunun atəşə tutulması nəticəsində 1-ci ümumqoşun ordusu komandanının silahlanma üzrə müavini polkovnik Viktor Arustamyan məhv edilib.

10:13

Bərdə şəhərində dinc əhalini və mülki infrastrukturu atəşə tutan Ermənistan silahlı qüvvələrinə məxsus “Smerç” yaylım atəşli reaktiv sisteminin atəş mövqeyi bölmələrimiz tərəfindən aşkar edilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib.

Oktyabrın 29-u saat 15.18 radələrində bölmələrimizin dəqiq atəşi ilə düşmənin “Smerç” yaylım atəşli reaktiv sistemi məhv edilib.

Qeyd olunan reaktiv sistemin məhv edilidyi anın videogörüntüsünü təqdim edirik.

09:17

Bu gün saat 07:35-dən başlayaraq Goranboy, Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən artilleriya atəşinə tutulur.

Bu barədə Müdafiə Nazirliyinə istinadən xəbər verir.

Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

09:13

Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 29-u gün ərzində və 30-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı istiqamətlərində davam edib. Düşmənin hücum etmək cəhdlərinin qarşısı qətiyyətlə alınıb.
Cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinə qarşı görülən cavab tədbirləri nəticəsində düşmənin şəxsi heyəti arasında ölən və yaralananlar var.
Dünən gün ərzində və gecə saatlarında cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd Su-25 təyyarəsi, 3 ədəd T-72 tankı, 1 PDM, 2 ədəd “Smerç” və 1 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemləri, 10 ədəd müxtəlif tipli topu, 2 ədəd “Qvozdika” özüyeriyən haubitsası, 1 ədəd “Osa” ZRK, 1 ədəd P-18 radiolokasiya stansiyası, 4 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.