Canlı bloq: “Kommunikasiya xətləri nəzarətə götürülüb, vacib yüksəkliklər azad edilib” – [yenilənir]

17:55

Azərbaycanın Hərbi Komandanlığı döyüşlər gedən istiqamətlərdəki yaşayış məntəqələrində məskunlaşan dinc əhaliyə bir daha müraciət edərək onların xəsarət almaması üçün hərbi obyekt və infrastrukturdan uzaq durmasını tövsiyə edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Eyni zamanda, Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edir.

Onu da əlavə edək ki, Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

Bundan əlavə, beynəlxalq humanitar hüquqa uyğun olaraq hərbi əsirlərin, mülki şəxslərin bütün hüquqları qorunacaq və üçüncü dövlətlərə keçmək istəyən şəxslərə beynəlxalq təşkilatlar vasitəsilə lazımi şərait yaradılacaq.

17:50

Azərbaycanın Hərbi Komandanlığı Ermənistanın hərbi-siyasi rəhbərliyi tərəfindən aldadılaraq ölkəmizin işğal olunmuş ərazilərinə gətirilən əsgər və könüllülərə də müraciət edərək silahı yerə qoymağı və təslim olmağı təklif edib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Azərbaycan tərəfinə keçən mülki əhalinin təhlükəsizliyinin, qida, tibbi yardım və digər ehtiyaclarının təmin edilməsi üçün komandanlıq bütün müvafiq zəruri tədbirləri görməyə hazırdır.

16:50

Azərbaycan Ordusu əks-həmlə əməliyyatlarına başladıqdan sonra Ermənistan bütün vasitə və resursları cəlb etməklə informasiya mühitində ölkəmizə qarşı hücuma keçməyə cəhd göstərir. Bununla da qarşı tərəf həqiqətləri əks etdirməyən məlumat, video və fotolar yaymaqla beynəlxalq aləmdə Azərbaycan barəsində mənfi rəy formalaşdırmağa çalışır.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yayılan saxta video və fotolarda guya Azərbaycan əsgərinin erməni əsir və meyitləri ilə beynəlxalq hüquqla müəyyən edilmiş normalardan kənar, kobud davranması nümayiş etdirilir.

Bir daha bildiririk ki, Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrindən fərqli olaraq hərbi əsirlər, düşmənin yaralı hərbi qulluqçuları, mülki əhali, o cümlədən meyitləri ilə Cenevrə Konvensiyaları və onlara əlavə edilmiş protokolların tələblərinə uyğun davranmaqla bərabər, mərhəmət və hörmət nümayiş etdirir.

Azərbaycan əsgərinin davranışı insan şəxsiyyətinə və onun ləyaqətinə hörmət etmək ideyasına əsaslanır və döyüş əməliyyatı zamanı erməni hərbçilərindən fərqli olaraq bizim hərbi qulluqçularımız dinc əhali, mülki və hərbi obyektlər arasında fərq qoyur.

16:45

Artilleriya bölmələrimiz düşmənə sarsıdıcı zərbələr endirməyə davam edir.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

16:08

Oktyabrın 24-də saat 15.25 radələrində Ağdərə rayonu istiqamətində uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus pilotsuz uçuş aparatı hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

15:49

Oktyabrın 24-də gündüz saatlarında cəbhənin Qubadlı istiqamətində Ermənistan hərbi hava qüvvələrinə məxsus döyüş təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən məhv edilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

14:08

Azərbaycan Ordusu bölmələrinin Laçın və Qubadlı istiqamətlərində həyata keçirdiyi əməliyyatların qarşısını almaq məqsədilə Ermənistan növbəti təxribata əl atıb.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, hazırda Ermənistanın Gorus və Qafan rayonları ərazisində, dövlət sərhədinə yaxın yerdə döyüş mövqeyi tutan düşmənin raket və artilleriya qurğuları Laçın və Qubadlı ərazilərini güclü atəşə tutur.

Qarşı tərəfin məqsədi Azərbaycan Ordusunu Ermənistan ərazisinə atəş açmağa təhrik etməkdir.

11:31

Döyüş mövqelərini itirərək geri çəkilməyə məcbur edilən düşmən Ermənistanın Gorus rayonu istiqamətindən Azərbaycanın Qubadlı rayonunun ərazisini artilleriya atəşinə tutur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Ermənistan tərəfinin bu təxribatı törətməkdə məqsədi Azərbaycan Ordusunu cavab tədbirləri görməyə təhrik etməkdir.

11:12

“Ermənistan silahlı qüvvələri Ağdərə istiqamətindən Naftalan-Tərtər rayonlarının ərazisini atəşə tutur”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

10:54

Düşmən Goranboy-Naftalan istiqamətindəki ərazilərimizi atəşə tutur.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

10:45

Müdafiə Nazirliyi düşmənin gecə ərazində məhv edilən döyüş texnikalarının videogörüntülərini yayıb.

Həmin görüntüləri təqdim edirik.

10:28

“Tərtər və Bərdə rayonunun ərazilərindəki yaşayış məntəqələrimiz düşmən tərəfindən atəşə tutulur”.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

10:00

Oktyabrın 23-ü gündüz saatlarında Cəbrayıl rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinə məxsus “BZEZ” zərbə pilotsuz uçuş aparatı (PUA) bölmələrimiz tərəfindən aşkar olunaraq xüsusi texniki vasitələrlə yerə endirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

09:15

Oktyabrın 23-ü gün ərzində və 24-nə keçən gecə cəbhənin Ağdərə, Xocavənd, Füzuli, Hadrut və Qubadlı istiqamətlərində döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub.

Azərbaycan Ordusunun bölmələri əməliyyat planına uyğun cəbhənin müəyyən edilmiş istiqamətlərində döyüş fəaliyyətlərini davam etdirib.

Cəbhənin Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində mütəşəkkil müqavimət göstərə bilməyən Ermənistan silahlı qüvvələri bölmələrinə atəşlə ciddi ziyan vurulub. Düşmənin silah və sursat, yanacaq ehtiyatları anbarları sıradan çıxarılıb.

Bəzi istiqamətlərdə düşmən nizamsız qaydada mövqeləri tərk edərək geri çəkilib. Əhəmiyyətli kommunikasiya xətləri nəzarətə götürülüb, düşmənin bir neçə dayaq məntəqəsi dağıdılıb və vacib yüksəkliklər azad edilib. Hazırda bütün cəbhə boyu döyüşlər davam edir. Qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.