COVID-19-dan ölümü proqnozlaşdırmaq mümkün olub

“Oksford” və digər Britaniya universitetlərinin mütəxəssisləri COVID-19-dan ölümü təxmin edə biləcək alqoritm hazırlayıblar.

Bu barədə araşdırma BMJ jurnalında dərc olunub.

QCOVID alqoritmi insanlar haqqında mövcud məlumatları – onların yaşını, etnik mənsubiyyətini, xəstəlik tarixçəsini və s. “ələkdən keçirərək” kimin koronavirusu ağır formada keçirmək riskinin çox olduğunu müəyyənləşdirir.

Alqoritmin hazırlanması zamanı alimlər Britaniya xəstəxanalarındakı 19-100 yaş arası 6 milyon pasiyent, o cümlədən 4 384 COVID-19 xəstəsi haqqında məlumatlardan istifadə ediblər. Tədqiqatçılar onlar haqqındakı məlumatları (yaş, xəstəliklər, bədən kütləsi indeksi, etnik mənsubiyyət), xəstəxanada qalma müddətini və COVID-19-dan ölüm riskini müqayisə ediblər. Alınmış model aralarında 2 000-dən çox COVID-19 xəstəsi olan daha 2 milyon xəstə üzərində test edilib.

Tədqiqatçılar ölən COVID-19 xəstələrinin 70%-dən çoxunun ölüm vaxtını dəqiq şəkildə təxmin edə biliblər. Alimlər qeyd edirlər ki, model riski proqnozlaşdırmaq məqsədi daşıyır və ayrı-ayrı amillərin ona necə təsir etdiyini izah etmək məqsədi daşımır.