Erməni diasporunun terrorizmdən istifadə edəcəyi gözləniləndir

– İlham bəy, Azərbaycanda Dövlət Təhlükəsizlik Xidməti və Daxili İşlər Nazirliyi ard-arda bir neçə dəfə terror təhlükəsi ilə bağlı əhaliyə xəbərdarlıq ediblər. Bu xəbərdarlıqların hansısa bir ciddi əsası varmı? Azərbaycana bu təhlükəni yaradanlar kimlərdir?

– Əvvəla nəzərə almalıyıq ki, qarşımızda terroru ideologiyaya çevirən bir düşmən dayanıb. Erməni terroru bütün dünyada məşhurdur. Birinci Qarabağ müharibəsi dövründə Qarabağdan kənar yerlərdə, metro, qatar, avtobuslarda törətdikləri terror hadisələrini unutmamışıq. İkincisi, DTX-ya informasiya daxil olmasa, bu barədə profilaktik tədbirlər görməzdi. Bu, həm keçmişdəki təcrübədən, həm də düşmənin indiki müharibədə məğlub duruma düşdüyündən terrora əl atmaq ehtimalının yüksək olduğundan irəli gəlir. Təsəvvür edin ki, Azərbaycanla bağlı həqiqətləri çatdırdığına görə Fransa Dövlət Televiziyasını Parisin ortasında ASALA ilə açıq şəkildə erməni diasporu hədələyir və süjeti sildirirsə, bizdə terrordan istifadə edəcəkləri tamamilə gözləniləndir. Azərbaycan üçün bu təhlükəni də elə erməni terror təşkilatları, xüsusi xidmət orqanları hazırlayıb həyata keçirə bilər və burada yalnız öz millətlərindən deyil, başqa millətlərin nümayəndələrindən də istifadə edə bilərlər. Bu, əvvəllər də olub.

-Sentyabrın 27-dən əvvəl də, yəni Azərbaycan ərazilərində hərbi əməliyyatlar başlamamışdan öncə ölkədəki bəzi səfirliklər, xüsusən ABŞ-ın Azərbaycandakı səfirliyi terror təhlükəsi ilə bağlı müraciət paylaşmışdı. Demək ki, xarici ölkələrin səfirlikləri də Azərbaycanda terror təhlükəsi ola biləcəyindən ehtiyatlanırlar. Həmin səfirliklər, eləcə də Azərbaycanın güc nazirlikləri keçmişdə ermənilərin Azərbaycanda törətdikləri terrorları ibrət alırlar, yoxsa bu, hərbi vəziyyətə görə bir ehtiyatlılıq nümayişidir?

– Tovuz hadisələrindən sonra hər iki tərəfin ciddi şəkildə hərbi hazırlıqlara başladığı məlum idi. Düşmənin hərbi əməliyyatlardan öncə insanlarda təlaş, iğtişaş yaratmaq üçün terrora müraciət edəcəyini xarici ölkələr də yaxşı bilirlər. Müharibə başlamazdan əvvəl ABŞ səfirliyinin vətəndaşlarını Bakını tərk etməmək haqda xəbərdar etməsi ehtiyat tədbiri idi və təbii ki, müəyyən informasiyaların nəticəsi olaraq dəyərləndirilməlidir. Bu ehtiyat tədbirləri dediyiniz kimi həm keçmişdən ibrət almaq idi, həm də hərbi vəziyyətlə bağlı zəruri ehtiyat tədbirlərinin görülməsidir.

– Azərbaycan dəfələrlə terrora məruz qalmış ölkədir. Amma son illər belə bir təhlükə yox idi. Yəni sabit, təhlükəsiz ölkə kimi tanınırdı. İndi Ermənistanla hərbi əməliyyatlar başlayandan sonra belə bir təhlükənin ola biləcəyinə dair xəbərdarlıqlar belə deməyə əsas verir ki, Azərbaycan konkret olaraq təhlükəli düşmənlə mübarizə apardığının fərqindədir. Belə demək mümkünmü?

– Yuxarıda qeyd etdiyim kimi, Azərbaycan terroru siyasi təzyiq vasitəsinə çevirən bir ölkə ilə qarşılaşdığını bilir. Son vaxtlar ona görə Azərbaycan ərazisində terror hadisələri törətmirdilər ki, özlərini qalib hesab edirdilər. Qalib olan tərəf üçün terror, atəşkəsin pozulması arzuolunan deyil, onları qınaq hədəfinə çevirə bilərdi. Amma indi açıq məğlub durumdadırlar, ona görə terrora müraciət edəcəkləri gözləniləndir. Xatırladaq ki, Qarabağdan kənarda ermənilər 1989-cu ildə Tbilisi- Ağdam avtobusunda, keçmiş Xanlar (indiki Göygöl) rayonunun ərazisində partlayış törətdilər və 6 nəfər həyatını itirdi, yaralananlar oldu. İki dəfə Moskva –Bakı qatarında terror həyata keçirdilər, metroda iki dəfə partlayış törədib çoxsaylı insanları öldürdülər. Qarabağda isə iki dəfə – 1990-cı ildə Şuşaya uçan vertolyotu, 1991-ci ilin noyabrın 20- də isə Qarakənd üzərində vertolyotu vurmaqla terror törətdilər. Müharibə yerindən kənar obyektlərdə terror törətmək onların hər zaman işlətdikləri təzyiq formasıdır. Gəncə və digər şəhərlərə atılan raket zərbələri də bu qəbildən olan terror hadisələridir.

– Yeri gəlmişkən, Türkiyə Azərbaycanı bu münaqişədə ciddi dəstəkləyir. Və bu ölkənin də Ermənistanla isti münasibətləri yoxdur. Bu hərbi əməliyyatlar zamanı Türkiyənin Azərbaycanı dəstəkləməsi və eyni zamanda Ermənistana qarşı bəyanatları erməniləri xeyli qıcıqlandırıb. Türkiyədə də ermənilər və onların dəstəkçiləri tərəfindən hansısa terror təhlükəsi, təxribat hadisələri baş verə bilərmi?

– Tamamilə mümkündür və buna onların imkanları da var, münbit şərait də. PKK ilə erməni terrorçularının birgə fəaliyyət göstərməsi məlum işdir. Yerli ermənilərdən bir o qədər istifadə olunmasa da istisna olunmurlar. Amma indiki dönəmdə onların buna əl atacağı az inandırıcıdır. Çünki bu, Türkiyənin qəzəbinə səbəb olacaq və Türkiyənin cavab tədbirlərinin daha amansız ola biləcəyini ermənilər yaxşı bilirlər. Bu mənada onlar bütün cəhdlərini Azərbaycana yönəltməyə çalışacaqlar.

– Terrordan və təxribatlardan qorunmaq üçün Azərbaycan nə etməlidir? Özünü necə qorumalıdır?

– Terrordan heç bir dövlət sığortalanmayıb. Müharibə şəraitində isə onun baş verməsinin dərəcəsi xeyli artır. Azərbaycan xüsusi xidmət orqanları bu istiqamətdə qabaqlayıcı informasiyalar əldə etməyə çalışmalıdır. Vətəndaşlara müraciət, ayıq-sayıq olmaq üçün profilaktik tədbirlərin həyata keçirilməsi bu tədbirlərin tərkib hissəsidir. İnanıram ki, əməliyyat-agentura tədbirləri və digər hüquq-mühafizə orqanları ilə birlikdə koordinasiyalı işlər terrorun zamanında qarşısını almağa imkan verəcək.

Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl terror təhlükəsi ilə bağlı ASTNA-nın suallarını cavablayıb.