Fermer: “Heç bir yardım almamışıq”- Nazirlik: “Fermerlərə lazımınca dəstək göstərilir”

Fermer: “Heç bir yardım almamışıq”

“Həm müharibə, həm pandemiya bizi ən azından 3-4 il geri saldı”.

Bərdə rayonu Soğanverdilər kəndində yaşayan fermer Elgiz Həmidov “Toplum TV”-yə belə deyir.

O, yonca, pambıq, kök, çuğundur, arpa becərir, eləcə də heyvandarlıqla məşğul olur.
Ancaq son iki həftədə gedən döyüşlər ucbatından Ağdam, Tərtər, Bərdə, Ağcabədi, Beyləqan kimi cəbhəyanı rayonlarda əkinçiliklə, maldarlıqla dolananların işləri ləngiyir, nəticədə böyük ziyana düşürlər.
Elgiz Həmidov danışır ki, Soğanverdilər kəndi işğal olunan ərazilərin yaxınlığında yerləşdiyindən mərmilər onun ərazisinə yaxın yerlərə düşür.

İndi pambığın yığım vaxtıdır, o,  2 tona qədər məhsul toplanacağına ümid edir. Ancaq kimsə risk edib sahəyə girmədiyindən 10 gündən sonra yalnız 1 ton məhsul götürə biləcək.

Fermerin sözlərinə görə, normal vaxtda qiyməti 4 manata olan yoncanı indi 2 manata satmaq mümkündür. O, maddi vəziyyəti aşağı olan kənd sakinlərinin hazırkı şəraitdə nəyəsə sərmayə qoymaqdan ehtiyat etdiyini söyləyir: “Risk etmək istəməyən insanlar bu günlərdə 1000 pres bağlatmaqdansa cibində 500 manat saxlamağı üstün tutur”.
E. Həmidov atışma olan gün aldığı hevanları bazara çıxarsa da, uyğun qiymətə sata bilməyib. Əvvəllər çəkisi 200-250 kq olan danaları 1600-1800 manata satan fermer deyir ki, indi heyvanı 1200 manata ancaq satıb. Bu da onun üçün bir heyvana görə 400-500 manat ziyan deməkdir.

Kənd Təsərrüfatı Nazirliyi isə hazırkı şəraitin yerli əhalinin həyat səviyyəsində ciddi dəyişiklik yaratmayacağanı söyləyir. Amma cəbhəyanı bölgələrdə yaşayan fermerlər ayrı fikridədirlər, onlar da Elgiz Həmidov kimi müharibənin və pandemiyanın işlərini geri saldığını iddia edirlər.

Royal Məmmədov: “Qarğıdalı qalıb sahədə, ancaq yığmağa şərait yoxdur”

Məsələn, Ağdamın Nahrızlı kəndində yonca əkməklə və heyvandarlıqla məşğul olan Elxan Mirzəyev müharibə şəraitində əkin sahəsinə vaxtı-vaxtında gedə bilməməsindən şikayətlənir.

Onun hesablamalarlına görə, bu il qazancı ən yaxşı halda yarıbayarı azalacaq.

Atışma başlanandan kənddə işıqlar tez-tez kəsilir. Bu baxımdan fermer əkin sahəsinə kifayət qədər su da ayıra bilmir. Yeri gəlmişkən cəbhəyə yaxın bölgələrdə fermerlərin hamısı oxşar problemlə üzləşir. Bərdədən olan fermer Elgiz Həmidov da suvarmanın artezian sistemi ilə aparıldığını, elektrik kəsiləndə  su olmadığını deyir.

Bu zonada həmişə su problemi olan fermerlər düşünürlər ki, bəlkə Tərtərdəki Sərsəng su anbarı işğaldan azad edilsə onların da su dərdinə son qoyular.

Ağcabədi rayonu Kürdlər kəndində heyvan saxlamaqla, eləcə də taxıl, yonca, qarğıdalı əkməklə dolanan Royal Məmmədov da təsərrüfatına görə narahatdır: “Qarğıdalı qalıb sahədə, ancaq yığmağa şərait yoxdur”.

O danışır ki, koronavirusa görə xeyli ziyan çəkib. İndi də cəbhəyanı ərazilərdə atışmaların olması, tez-tez elektrikin kəsilməsi həm vaxt itkisinə, həm də məhsulun dəyərdən düşməsinə səbəb olur.
Nazirlik: “Fermerlərə lazımınca dəstək göstərilir”
Fermerlərdən fərqli olaraq Kənd Təsərrüfatı Nazirliyi cəbhədə baş verənlərin fermerlərin qazancına, dolanışığına ciddi təsir göstərməyəcəyini bildirir.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov  mətbuata cəbhəyanı ərazilərdə təsərrüfatına ziyan dəyən fermerlərə dəstək göstərildiyini deyib. Onun sözlərinə görə, yaşayış evlərinə, fermer təsərrüfatlarına, mal-qaraya dəyən ziyan dövlət tərəfindən bu günə qədər tam şəkildə ödənilib, kompensasiya edilib. Prosesdə qəti şəkildə ləngimə olmadığını deyən V.Hüseynov təmas xəttindəki kəndlərdə payızlıq şumun aparılması, aqrotexniki qulluq işlərinin görülməsi ilə bağlı prosesin tam nəzarətdə olduğunu açıqlayıb.

Ancaq “Toplum TV”-yə danışan fermerlər dəyən ziyana görə kompensasiya və ya başqa şəkildə yardım almaqdıqlarını deyirlər. Hətta Elgiz Həmidov kimi bəziləri müharibə şəraitində bundan ötrü dövlətə üz tutmağı ağıllarına belə gətirmirlər.

İqtisadçı: “İndiki dövrdə dövlət aqrar sektora nəzarəti gücləndirməlidir”

İqtisadçı Natiq Cəfərli hesab edir ki, aqrar sektordakı çətinliklər özünü müharibə dövründən qabaq biruzə verib: “Bu baxımdan indiki dövrdə  dövlət aqrar sektora nəzarəti gücləndirilməlidir. Əks halda bu gələcəkdə aqrar sektorun inkişafını geri sala bilər”.

Onun fikrincə, uzun illər aqrar sahədə çalışan fermerlərin ən böyük çətinliklərindən biri sahələrinin sığortalanmamasıdır. Bu baxımdan da iqtisadçı hesab edir ki, fermerlərin əsas problemlərini həll edə biləcək dövlət proqramlarına, onun dəstəyinə ehtiyac var.  N.Cəfərliyə görə, belə hadisələr zamanı fermerin sığorta almaq hüququ olmalıdır, eyni zamanda fermerə ucuz və uzun müddətli kreditlər verməklə, onları böhranlı vəziyyətdən çıxarmaq mümkündür.
İqtisadçı hazırkı şəraitin ölkənin ərzaq təminatına ciddi təsir edəcəyini düşünmür: “Azərbaycanda ən az 280 günlük taxıl ehtiyatının olduğu bilinir. Bu baxımdan taxıl qıtlığının yaranması gözlənilən deyil. Ancaq ümumilikdə bu sahənin nəzarətsiz qalması, gələcəkdə məhsulun həcminə, məhsuldarlığa təsir edə bilər”.

Hələliksə Azərbaycanla Ermənistan arasında atəşkəs razılaşmasına baxmayaraq yaşayış məntəqələri atəşə məruz qalır, döyüşlərin başlandığı gündən – sentyabrın 27-dən indiyədək 40-dan artıq mülki vətəndaşın öldüyü, 200-dən çox insanın yaralandığı bildirilir.