«Gəncə işi” üzrə növbəti məhkəmə prosesi keçirilib

Oktyabrın 20-si Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə  Gəncənin keçmiş İcra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham  olan Yunis Səfərov və digər 11 nəfərin məhkəmə baxışının ilkin iclası keçirilib.

Məhkəmədə ehtiyat hakimi təyin olunmadığına görə dövlət ittihamçısı ittiham aktını yenidən oxuyub. Vəkillər və təqsirləndirilən şəxslər itiihamı aktının artıq üçüncü dəfə oxunmasına etiraz ediblər.

Prosesdə mikrafon işləmədiyi üçün təqsirləndirilən şəxslərin səsi eşidilmir. Vəkillər müvəkkillərinin səsini eşitmədikləri üçün etiraz ediblər. Hakim bildirib ki, gələn məhkəmə mikrafonla təmin olunacaqlar.

Daha sonra Yunis Səfərov bildirib ki, həbs olunandan bu günə kimi ailəsi ilə əlaqə saxlamağına icazə verilmir.

“ Siz  yenidən cinayət törətməyimə təşəbbüs yaradırsınız ki, mən ailəmlə danışmaq üçün qeyri-qanuni yollar axtarım”.

Yunis Səfərov və onunla birlikdə mühakimə olunanlara Cinayət Məcəlləsinin 30-dan artıq maddəsilə (qəsdən adam öldürməyə cəhd, terrora çağırış, dövlət çevrilişinə cəhd, qanunsuz silah saxlama və s.) ittiham verilib.

Qeyd edək ki, 2018-ci  il iyulun 3-də Gəncə şəhərinin keçmiş İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar.

Rəsmi məlumata görə isə iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada yüksək rütbəli polis zabitləri – İlqar Balakişiyev və Səməd Abbasov qətlə yetiriliblər.

Növbəti məhkəmə prosesi ayın 22-nə təxirə salınıb.