Hulusi Akar: “Ermənistan işğal etdiyi əraziləri tərk edəcək! Bu qədər sadə”

“30 ildə nə iş görülüb? Nə vaxt ki, Ermənistanın artan təcavüzkarlığından sonra azərbaycanlı qardaşlarımız öz torpaqlarını azad etmək üçün əks-həmlə əməliyyatına başladı, 30 ildir susanlar sülhdən, atəşkəsdən və müzakirələrdən danışmağa başladılar”.

Bu sözləri Türkiyənin müdafiə naziri Hulusi Akar Ankaranın Polatlı bölgəsindəki hərbi təlim mərkəzində keçirilən “Atəş sərbəst-2020” hərbi təlimlərində jurnalistlərə açıqlamasında deyib.

“Bu, heç səmimi deyil. Məsələnin çox sadə yolu var. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etməlidir! Ermənistan muzdlu əsgərləri, terrorçuları bölgədən göndərəcək və məsələni bitirəcək. Bu qədər sadə”.

Hulusi Akar bildirib ki, Türkiyə Azərbaycanın haqlı mübarizəsini sonuna qədər dəstəklədiyini ən yüksək səviyyədə söyləyib: “Türkiyə Cümhuriyyəti və Türk milləti olaraq azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu ifadə etdik”.