Hüquq-müdafiə təşkilatı Elçin Məmmədin barəsində hökmü pisləyib

Siyasi Məhbusların Monitorinq Mərkəzi  “Yüksəliş naminə” saytının redaktoru, hüquq müdafiəçisi Elçin Məmmədin oğurluq və qanunsuz silah saxlamaq ittihamı ilə 4 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökmü pisləyib.

Sənəddə qeyd olunur ki, E.Məmmədin məhkəməsi və istintaq prosessual qanunvericiliyin kobud pozulması ilə keçirilib, müdafiə tərəfinin vəsatətləri təmin olunmamış qalıb, şahidlərin sübutları və ifadələri saxtalaşdıırlıb.

Mərkəz E.Məmmədin barəsində AİHM-in 6-cı (ədalətli məhkəmə araşdırması hüququ), 7-ci (yalnız qanun əsasında cəza), 13-cü (effektiv hüquqi müdafiə vasitələri hüququ) maddələrinin pozulduğunu bildirib.

“Elçin Məmməd Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşı Emin Hüseynovun ölümlə nəticələnən zəhərlənməsilə bağlı qalmaqallı işi araşdırıb ki, bu da istefada olan baş prokuror Zakir Qaralovun qəzəbinə səbəb oldu. Bundan əlavə, deputatlığa namizəd olan E.Məmməd Sumqayıtda seçkilərin saxtalaşdırılması faktlarını dərc edib”, – Mərkəzin rəhbəri Elşən Həsənov bildirib.

Onun sözlərinə görə, hazırda siyasi məhbus siyahısında 6 jurnalist və bloqer var.

Lakin siyahı yenilənərkən daha iki jurnalist – “Qafqaz” Xəbər Agentliyinin rəhbəri Mahmud Tağıyev və Youtube-da yayımlanan “Compromat” TV-nin əməkdaşı Zabid Cəlilov oraya daxil ediləcək.

“Dövlət maraqları beynəlxalq təşkilatların dəstəklənməsini tələb etdiyi halda, ölkənin hüquq- mühafizə orqanları ölkənin nüfuzuna xələl gətirən köhnə təhlükəli üsullarla fəaliyyət göstərirlər”, – E.Həsənov deyib.

Təşkilat məhkəmə-hüquq sistemində islahatlara çağırır və ümid etdiyini bildirir ki, ölkənin ərazi bütövlüyünün bərpası uğrunda müharibədə əldə edilmiş son qələbə ilə bütün siyasi məhbuslar azad olunacaqlar.

Siyasi Məhbusların Monitorinq Mərkəzi 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb.