Hüquq müdafiəçisi Elçin Məmməd 4 il müddətinə azadlıqdan məhrum edilib

Sumqayıt Şəhər Məhkəməsində “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” QHT-nin rəhbəri Elçin Məmmədin işi üzrə proses başa çatıb .

Məhkəmə onu “oğurluq” və “qanunsuz silah saxlamaqda” təqsirli bilərək, 4 il müddətinə azadlıqdan məhrum edib.

E.Məmməd ittihamları rədd edərək onu hüquq-müdafiə fəaliyyəti ilə əlaqələndirib.

Müdafiə tərəfi apellyasiya şikayəti verəcək, E.Məmmədin yaxınları bildiriblər.

E.Məmməd bu ilin martında oğurluq və qanunsuz silah saxlamaq ittihamı ilə həbs edilib.

Onun barəsində hüquqi yardım göstərdiyi qadın şikayət edib. Həmin qadın əvvəllər digər jurnalist, criminal.az saytının redaktoru Anar Məmmədovdan polisə şikayət edib.

E. Məmməd cinayət işini öz hüquq-müdafiə fəaliyyətilə əlaqələndirir.

O hesab edir ki, uydurma ittihamla təqib olunması prezident İlham Əliyevin korrupsiyaya qarşı mübarizə və məhkəmə-hüquq islahatlarının aparılması ilə bağlı siyasətinə ziddir.

Bəzi beynəlxalq təşkilatlar E.Məmmədin təqib edilməsini pisləyiblər.