“Köhnə münaqişə üçün yeni silahlar təhlükəsi”- Qarabağ döyüşləri dünya mediasında

Qarabağ uğrunda döyüşlər, atəşkəs, istifadə edilən silahlar, qüvvələr nisbəti – dünya mətbuatı döyüş bölgəsində yaranmış vəziyyət haqqında nə yazır?

“Dağlıq Qarabağ: Köhnə münaqişə üçün yeni silahlar təhlükəsi”, Aljazeera sonuncu məqaləsi üçün belə bir başlıq seçib.

“Dağlıq Qarabağ uğrundakı yeni müharibə ənənəvi müharibədir və peşəkar silahlı qüvvələr tərəfindən aparılır. Amma bu dəfə 21-ci əsrin yüksək texnoloji silahları onilliklərdir ki, davam edən qarşıdurmanı əvvəlkindən daha dağıdıcı etmək gücünə malikdir”.

Döyüş meydanından alınan videolar və tərəflərin hərbi qabiliyyəti barədə məlumatlar Azərbaycanın, xüsusən də İsrail və Türkiyə istehsalı dronları sayəsində üstünlüyə malik olduğunu göstərir, Aljazeera yazır.

Lakin məqaləyə əsasən, onların dağıdıcı gücünün münaqişədə “həlledici amilə” çevrilib-çevrilməyəcəyi hələ isbat olunmalıdır.

Müharibədə istifadə olunan silahlar barədə The Guardian qəzeti də yazır. Britaniya nəşrinə görə, Dağlıq Qarabağ uğrunda döyüşlər yenidən alovlanıb və onun əziyyətini mülki əhali çəkir.

Qəzet yazır ki, iki həftə əvvəl başlayan döyüşlər köhnə və yeni müharibənin qarışığıdır: “Bir mənada bu yeni münaqişə tarixin təkrarlanmasıdır. Başqa tərəfdən, o, gələcək müharibələrin necə görünə biləcəyinə işarə edir”.

AK-47-lərlə silahlanmış çağırışçılar Birinci Dünya Müharibəsində olduğu kimi, səngərlərdə üz-üzə qalırlar, eyni zamanda səmada müasir pilotsuz təyyarələr və uzaq mənzilli raketlər uçur, The Guardian yazır.

Ermənilərin yaşayış məntəqələrinə baş çəkən müxbirlər yerli sakinlər üçün təhlükələrdən bəhs edir: “Hava hücumu sirenası Azərbaycan təyyarəsinin ermənilərin nəzarətindəki hava məkanına keçdiyini xəbərdar edəndə sakinlərin sığınacaq tapmaq üçün təxminən üç dəqiqə vaxtı olur. Bəzən Rusiya istehsalı olan raketdən müdafiə sistemləri işləmədikdə, heç bir xəbərdarlıq olmur”.

Euronews nəşrinə əsasən, müvəqqəti atəşkəsi təmin etmək üçün ABŞ və Avropa ölkələrinin daha çox iştirakı tələb olunur.

Atəşkəsin effektivliyini artırmaq üçün “Minsk Qrupunun üçüncü həmsədri olan ABŞ-dan daha aktiv hərəkət və sabitləşmə üçün lobbiçilik” səylərinə ehtiyac var, Conciliation Resources təşkilatının Qafqaz proqramları direktoru Laurence Broers Euronews-a bildirib.

Məqalədə deyilir ki, Rusiya “dörd il əvvəlki təsir gücünə sahib deyil” və Türkiyənin iştirakı sayəsində Azərbaycan “xüsusilə də xoşuna gəlməyən” Rusiya təkliflərinə “daha sərt müqavimət” göstərə bilər.

Azərbaycanla Ermənistan arasında davam edən döyüşlər şəraitində Türkiyə ilə ailə əlaqələrinə rəğmən, Britaniyanın Baş naziri Dağlıq Qarabağda baş verən hadisələrə bu günə qədər açıq münasibət bildirməyib, The Times qəzeti yazır.

Ötən əsrin əvvəllərinə nəzər salan Britaniya nəşri Boris Johnson-un babasının, jurnalist Ali Kemalın o dövrdə siyasətə qatıldığını, Atatürk hökumətini və ermənilərə qarşı hadisələri tənqid etdiyini xatırladır. Məqalədə onun həmçinin “İngiltərəyə işləyən xain” kimi linç olunub öldürüldüyü da qeyd olunur.

Məqalənin müəllifi Richard Spencer sual edir ki, ailəsinin bölgə ilə bu qədər yaxın əlaqələri olan Britaniyanın Baş naziri qarşıdurma haqqında niyə susur.

Boris Johnson-un Türkiyə Prezidenti Recep Tayyip Erdoğanla Dağlıq Qarabağ münaqişəsini müzakirə etdiyi barədə xəbərdən başqa açıqlama vermədiyi vurğulanır.

İranın Daxili İşlər naziri bildirib ki, Ermənistan və Azərbaycan arasında Dağlıq Qarabağ uğrunda gedən döyüşlər İran ərazisinə yayılsa, ölkəsi buna reaksiya göstərəcək, DW bildirir. Abdolreza Rəhmani Fəzli bu sözləri keçən həftə döyüş bölgəsindən raketin İranın şimal-qərbindəki sərhəd bölgəsindəki kəndə düşməsindən sonra deyib.

Eyni zamanda İran münaqişədə vasitəçilik etməyi təklif edir.

DW yazır ki, Tehran münaqişənin İran cəmiyyətinə keçməsinin qarşısını almaq istəyir. Çünki İranda həm ermənilər, həm də azərbaycanlılar yaşayır.