Koronavirusla bağlı vəziyyəti 12 dəqiqəyə göstərən testlər satışa çıxarılıb

Böyük Britaniyada insanların koronavorusa (COVID-19) yoluxub-yoluxmadığını 12 dəqiqəyə müəyyən edən testlər satışa çıxarılıb.

BBC xəbər verir ki, virusla bağlı vəziyyəti burun nahiyəsindən yoxlayan çubuq formalı testlər 120 funt sterlinqə təklif olunur.

Onları 50-dən artıq məntəqədə əldə etmək mümkündür.

Testləri və onların işləməsi üçün lazım olan cihazları Avropa və ABŞ-dakı səlahiyyətli şəxslər təsdiq edib. Ümumilikdə 500-dən çox xəstə üzərində sınaq aparılıb və onların 97%-dən çoxunda koronavirus dəqiq şəkildə aşkar edilib.

Virusun aşkar edilməsi texnologiyasını Böyük Britaniyanın həyat araşdırmaları şirkəti “LumiraDx” inkişaf etdirib və təchizat məsələlərində ona Birləşmiş Krallığın Şotlandiya bölgəsindəki NHS şirkəti dəstək verib. Digər testlər COVID-19 antigen proteinini orta hesabla 90 dəqiqəyə təyin etdiyi zaman, bu testlər ondan bir neçə dəfə sürətli şəkildə həmin işi görür.

Yeni testlər əsasən uçuş öncəsi koronavorus yoxlamasından keçmək məcburiyyətində olan insanlar, özünün və yaxınlarının səhhətindəki durumdan dərhal əmin olmaq istəyən şəxslər üçün əlverişlidir. İstəkdən asılı olaraq satış məntəqələrinin sayının 200-ə çatdırıla biləcəyi deyilir.

Qeyd edək ki, Böyük Britaniyada insanların 15,1%-i koronavirus testinin nəticələrini 24 saat ərzində əldə edə bilir. Baxmayaraq ki, Böyük Britaniyanın baş naziri Boris Conson iyuldan bu nisbətin 100%-ə çatdırılacağını vəd etmişdi.

Tədqiqatlar göstərir ki, koronavirusa yoluxan şəxslərdə onun simptomları özünün orta hesabla 5 gündən sonra büruzə verir. Nadir hallarda xəstəlik özünü 3 gündən və 14 gündən çox müddətdə göstərir.