Nifrətiniz üçün deyil, dəyərləriniz uğrunda savaşın! – Xalid Bağırov

Xalid Bağırov

Bir neçə il qabaq olmuşdu, Qiyas və Bayram həbsdə idi. Musavat partiyasından səhv etmirəmsə Könül Alı Qiyas və Bayramı göylərə qaldıran nələrsə yazmışdı. Dinc dura bilmədim, yazdım ki, “vaxt gələcək, onları söyəcəksiniz.” “Nə danışırsız dedi? Ola bilməz.” Yazdım ki, “Təsəvvür edin, İlham Əliyev hakimiyyətdən gedib, Musavat Partiyası hakimiyyətə gəlib. Heydər Əliyevin heykəlləri demontaj olunub, Məmməd Əminin heykəlləri qoyulub. Adamlar gəlib yenə o heykəllərin üstünə “Fuck the system” yazacaqlar” Könül xanım: “Nə danışırsız adamlar qəhrəmandırlar. Bunu heç vaxt etməzlər”

Bax onda anladım bu ölkədə insanlar nəyinsə uğrunda deyil, nəyinsə əleyhinə savaşırlar. Yəni insanlar dəyərlərin daşıyıcısı deyillər, onları indi nifrət birləşdirə bilir.

Qiyas sadəcə anarxist idi, yəni heç bir sistemə inanmır, nə Leninin, nə Heydərin, nə Məmməd Əminin, nə De Qolun, nə də Nelson Mandellanın sisteminə inanmır. Ona görə yaxşı sistemlər ola bilməz, bütün sistemlər insanları əzmək üçündür. Qiyas heykəli yazanda da, indi müharibə əleyhinə yazanda da inandığı dəyərlərdən çıxış edir. O 10 Mayda heykəl yazmaqla hakimiyyətə meydan oxuyanda da, indiki vaxtda bir bu boyda kütləni qarşısına alanda da eyni dəyərlərdən çıxış edir, eyni dərəcədə səmimidir. Gəl ki, onu gah qəhrəman edən, gah qınayan və söyənlər barəsində bunları deyə bilməyəcəm.

Mənə gəldikdə isə, mən anarxist deyiləm, çünki, hələ də insan sifətli sistemlərin mümkün ola biləcəyinə və Azərbaycan insanının ən ali dəyər hesab ediləcəyi sistemi qura biləcəyimizə inanıram.

Bu gün hücuma məruz qalanlardan biri də Pasifistələrdir. Onu da indidən yazım, bilisiz, özümü ideoloji pasifist hesab etmirəm. Mənə görə dəyərlər sistemin mərkəzində duran varlığ hesab etdiyim insanların azadlığı və təhlükəsizliyi naminə insanlar əlində silah döyüşməsi məqbuldur, bunu təhdid edən hər kəslə. Torpaq uğrunda müharibə isə mənim üçün heç nə ifadə etmir. Zatən əlimizdə qalan 80% torpaq üzərində insanın insan kimi yaşaya biləcəyi nə qurduq ki, tam xoşbəxt olmağımız üçün torpaqlarımızın daha artıq olması gərəksin. XXI əsrdə orta əsrlərdə olduğu kimi, torpaqlar yox, insanlar dəyərdir. Buna rəğmən bu müharibəni mən təkcə torpaq istəyi kimi görmürəm. Bu müharibə mənə görə insanımızın daxili əzilmişliyindən azad olması uğrunda müharibədir. Bu səbəbdən hazır ki, müharibəyə loyal yanaşıram, çünki, artıq insanımızın əzilmişlik və məğlub kompleksindən qurtuluşunun başqa yolunu görmürəm. Mənim üçün insan əsas məqsəddir. Eyni zamanda da bu müharibədə belə düşmənimin düşməni, mənim dostumdur yanaşmasını qəbul edə bilmirəm, bir halda ki, o da mənim insanımı əzməklə məşğul olub. Mən ilyuziyalara inanmıram, odur ki, bu sistemlə məni heç nə birləşdirə bilməz. Pardon, mən İlham Əliyevə heç cür güvənə bilmirəm, məndən asılı deyil.(Təbii ki, bunun, döyüş meydanlarında həyatlarını hər an qurban verməyə hazır olan insanlarımıza aidiyyəti yoxdur. Onlar mənim insanlarım. Buna görə də ümumi iş xətrinə susuram. Onu da yaxşı bilirəm ki, məğlub xalq üzərində qurulmuş indiki idarəetmə sistemin qalib xalq üzərində tətbiq edilməsi çox çətin olacaq.

Bu yazını paylaşmaqda da məqsədim sizi sağ duyuya çağırmaqdır. Ən əsas da özünü bu ölkənin aydınları, intelektualları sayanları. Az qala onlar da özlərini kütlə kimi aparırlar. Başa düşürəm, bizim gözümüzdə aydın sayılan bu şəxslər də əslində daxilən sındırılmışlardır, məhz bu içlərindəki, bu hiss onları kütlənin içində əriməyə imkan vermir. Bir zamanlar mübarizə apardıqları dəyərləri unutdurur, əgər beləsi həqiqətən olubsa.

Bu gün fərqli səslər cəmiyyətimizin işıqlı potensialıdır. Həmişə ermənilərə qarşı ittihamlarınız “onların hamısının eyn cür olmasında” olmayıb məgər? Niyə ondan bəyənmədiyiniz, pis saydığınız və nifrət etdiyiniz şeyə oxşamaq istəyirsiniz? Azərbaycan cəmiyyətinin xoşbəxtliyi də məhz bunda deyilmi, biz fərqli və müxtəlif ola bilirik. Bu gün monoetnik Ermənistana qarşı çox etnikli Azərbaycanla öyünmürük? Gəncədə erməni qadını əllərində çıxaran iki azərbaycanlı gənc ilə öyünmədikmi? Erməni vəhşi olubsa, biz də “erməniləşib” vəhşi olmalıyıqmı?

Unutmayın, istənilən müharibə vahimdir, əbləh bir şeydir. Çünki, müharibələr insanların içindəki vəhşi varlıqlarını oyada bilir. Içimizdə olan “sülh quşu” deyib təhqir etdiyiniz məhz azsaylı pasifistlər bu dönəmdə bizim insanı müharibənin aldadıcı eyforiyasından oyadır, içimizdəki, sağ duyunu ölməyə qoymur, bizi vəhşiləşmək təhlükəsindən qoruyur. Az rast gəlmisinizmi, bu eyforiyaya uyub, içindəki, nifrəti kontrol edə bilməyib, sosail şəbəkədə çox axmaq şeylər yazanların onlar tərəfindən hədəfə alınmasına? Əgər fərqli səslər olmasa kütlə hamı bir birinə bənzəməyə başlayıcaq, hamımız adi vaxtda etməyəcəyimiz şeylər edəcəksiniz, heç fərqinə də varmadan. Hüquqi baxımdan haqlı olduğumuz bu müharibədə həm də şərəfli olmağımızın təminatçısı bəlkə də elə onlar ola bilirlər.

Unutmayın müharibələr gəldi gedərdir. İndiyə kimi bitməyən müharibə olmayıb, bir cəmiyyət olaraq qarşımızda hələ böyük mücadilələr olacaq. Əks halda Dədə Qorqudun nəsihətində deyildiyi (eposun özünü oxumamışam, bəlkə də yazıçı Anarın təxəyyülüdür) kimi, əkib becərmədiyimiz (insan kimi yaşamayacağımız ölkə qurmayacağımız -dəyişdirmə mənə aiddir) torpağı qorumağa dəyməz. Bax o zaman bu gün müharibə əleyhdarı kimi əzib məhv etməyə çalışdığımız bu potensial insanlar bizə daha çox lazım olacaq. Məhz bir ay öncə elə müharibə qazisi Tofiq Yaqublu ədalətsizliyə qarşı ölüm qalım mübarizəsi verərkən bu insanlar mücadilənin önündə deyildilərmi? İmkan vermək olmaz ki, zatən bizdən xeyli insanımızı şəhid olaraq alan bu müharibə, həm də müxtəliflik potensialımızı alsın.

Nifrətiniz üçün deyil, dəyərləriniz uğrunda savaşın!

Xalid Bağırov