NYT: ‘Bu, xalqın müharibəsidir’ – Qərb mediası

“Bu, Əliyevin müharibəsi deyil. Bu, xalqın müharibəsidir”, – Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev deyib

ABŞ-ın nüfuzlu “The New York Times” qəzeti sentyabrın 27-dən Azərbaycanla Ermənistan arasında başlanmış hərbi əməliyyatlarla bağlı son günlər bir neçə məqalə dərc edib.

Qəzetin müxbiri Karlotta Gol Bakıdakı müharibə əhvalından söz açır, dövlət binalarından üçrəngli bayraqların asıldığını, şəhərin mərkəzində nəhəng ekranlarında Ermənistan tərəfə vurulan zərbələrin əks olunduğunu qeyd edir. Məqalədə müharibəylə bağlı tənqidi fikirlərə rast gəlinmədiyi, ümumi əhvalın hərbi əməliyyatları dəstəklədiyi vurğulanır.

“Bu, Əliyevin müharibəsi deyil. Bu, xalqın müharibəsidir”, – Beynəlxalq Böhran Qrupunun Cənubi Qafqaz üzrə təhlilçisi Zaur Şiriyev deyib.

Şiriyevin sözlərinə görə, regionda işləyən ermənistanlılar, Qərb rəsmiləri həyat və ərazi itkisinin azərbaycanlılar üçün nə demək olduğunu heç vaxt tam dərk etməyiblər.

Tanınmış araşdırmaçı jurnalist Xədicə İsmayılova müxbirə deyib ki, o və digər fəallar müharibə getdiyi dönəmdə fikir ayrılığına moratorium qoyublar. “Orada əsgərlər həlak olur deyə, bunu azaltmışıq”, – o vurğulayıb.

Onun sözlərinə görə, son aylar Ermənistan tərəf getdikcə aqressiv yanaşma tutduqca o da əhalinin qəzəbinin artdığını müşahidə edirdi. “Mən adətən siyasətə soyuqqanlı yanaşıram, amma qəzəblənirdim”, – İsmayılova söyləyib.

Müxbir daha sonra Bakının şimal hissəsində mindən çox qaçqının yaşadığı yarımçıq məktəb binasındakı vəziyyəti, qaçqınların torpaqlar işğaldan azad olunduqca yaşadığı sevinci təsvir edir.

“Elə bil robotdurlar”

“The New York Times” bir neçə gün öncə Azərbaycanın Dağlıq Qarabağ vilayətinin mərkəzi Xankəndindən reportaj dərc edib.

Müxbir Anton Troyanovski səngərlərdə qorxu hissinin hakim olduğunu, ermənilərin Azərbaycan dronları qarşısında zəif durumda qaldığını yazırdı.

1990-cı illər müharibəsinin veteran Artur Aleksanyan bu müharibənin fərqli olduğunu deyib. Onun sözlərinə görə, 1990-cı illərdə əsas silah Kalaşnikov avtomatı idi. Bu dəfə isə kiçik silahlardan az hallarda istifadə olunur, Azərbaycan sistematik olaraq Ermənistanın tanklarını və digər avadanlığını müasir “kamikadze dronlar”la sıradan çıxarır.

“O qədər sürətlidirlər ki, onları vurub yerə salmağı çatdırmırıq. Deməzdim ki, qorxmuruq. Hamımız qorxuruq”, – Aleksanyan deyib.

O və digər erməni döyüşçülərin sözlərinə görə, Azərbaycanın qorxunc silahlarına baxmayaraq, piyada əsgərləri asan hədəfə çevrilirlər.

“Birini vurursan, amma qaçmırlar. İkincini vurursan, üçüncünü vurursan, ancaq elə hey gəlirlər – elə bil robotdurlar”, – əsgər Tiqran Saakyan söyləyib.

Rusiyanın köməyi olmasa…

“Foreign Policy” dərgisində Robert Katler yazır ki, Rusiya Ermənistana kömək etməsə, Azərbaycan Dağlıq Qarabağ münaqişəsində üstün mövqedə olar.

Müəllif qeyd edir ki, Azərbaycan illər boyu sülh prosesi alınmayacağı halda gücdən istifadəyə əl ata biləcəyini bəyan edib. Ermənistan açıq və birtərəfli şəkildə Madrid prinsiplərini rədd edəndən sonra bu baş verdi. Onun fikrincə, Ermənistanın sosial-iqtisadi vəziyyətini yaxşılaşdırmaq, Rusiyadan asılılığı azaltmaqla bağlı vədlərini yerinə yetirə bilməyən Baş nazir Nikol Paşinyan “özünün millətçi ritorikasının girovuna çevrildi” və bu da Ermənistanda populizm və militarizmi gücləndirdi.

Məqalədə deyilir ki, 2019-cu ilin martında Paşinyanın Müdafiə naziri Davit Tonoyan Nyu Yorlda erməni icmasının qarşısında deyib: “Müdafiə naziri kimi elan edirəm ki, bu köhnə format, sülh əvəzinə ərazi mübadiləsini dəyişmişəm. Biz əksini edirik – yeni ərazilər üçün yeni müharibə”.

“Bu təhdidedici şüar işğal olunmuş ərazilər ətrafında yeni ərazilərə, Azərbaycanın Naxçıvan eksklavına, digər ərazilərə aid ola bilərdi. Azərbaycan Ermənistandan hərbi provokasiyalar gözləməliydi. İyul-avqustda ölkənin şimal-qərbindəki Tovuz rayonunda, Dağlıq Qarabağdan xeyli uzaqda bu baş verdi”, – müəllif vurğulayır.

Xatırlatma

Bu ilin iyulunda Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər baş verib. Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb.

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 110 civarında kəndi, Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərini, Hadrut və Mincivan qəsəbələrini işğaldan azad edib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.