Paşinyanın etirafı: “Azərbaycan artıq bizim razı olduğumuzla razı deyil”

Nikol Paşinyan

Qarabağ məsələsinin indiki mərhələdən başlayaraq hələ çox uzun müddətə diplomatik həlli olmayacaq. Bu barədə bu gün Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində canlı yayımda bildirib.

O deyib ki, diplomatik həll ilə bağlı bütün ümidləri və təklifləri başa çatmış hesab etmək lazımdır. Paşinyanın fikrincə, erməni tərəfi kompromislərə hazır idi, amma Azərbaycan bunu etmədi.

“Kompromis o deməkdir ki, problemi həll etmək üçün tələblərin həddini endirə bilərsən, ancaq qarşı tərəf də öz həddini azaltmalıdır. Lakin artıq Azərbaycan bizim razı olduğumuz və ya razı ola biləcəyimiz ilə razı deyil. Bu, onu göstərir ki, hazırkı mərhələdə diplomatik həlldən danışmaq mənasızdır”, – Paşinyan Yerevanın nəyə razı olduğunu dəqiqləşdirməyib.

Bu gün Paşinyan İranın İRNA nəşrinə müsahibəsində etiraf edib ki, ATƏT-in Minsk Qrupuna həmsədrlik edən ölkələr baş verən hadisələrə təsir göstərə bilmirlər. “Onlar bəyanatlar verirlər, mövqe bildirirlər, amma bu, vəziyyətə heç cür təsir göstərmir”, – Paşinyan etiraf edib.