Politico: Pompeo Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul edə bilər

ABŞ-ın nüfuzlu Politico məcmuəsi yazır ki, oktyabrın 23-də ABŞ dövlət katibi Mike Pompeonun Azərbaycan və Ermənistan xarici işlər nazirlərini qəbul edəcəyi gözlənilir.

Bu da qeyd olunur ki, dövlət katibi nazirlərlə ayrı-ayrılıqda görüşəcək.

Xəbərdə deyilir ki, iki nazirin üzbəüz görüşünün və ya üçtərəfli danışıqların keçirilib-keçirilməyəcəyi hələki məlum deyil.

Politico yazır ki, iki nazirin ABŞ-a eyni gündə dəvət olunması Vaşinqtonun Azərbaycan-Ermənistan münaqişəsinin çözümündə daha dərin rol oynamaq planlarından xəbər verir.

Əlamətdar zaman

Məqalədə deyilir ki, bu görüş həm də 3 noyabr seçkisi ərəfəsində Trump administrasiyasının dünya liderliyinə sadiq qalmasını nümayiş etdirərdi.

Politico yazır ki, onun tanış olduğu sənədlərə görə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibi Mike Pompeo ilə oktyabrn 23-də səhər görüşəcək. Bundan sonra Pompeo Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanla danışıqlar aparacaq.

Xəbərdə deyilir ki, Dövlət Departamenti Politico-nun şərh üçün göndərdiyi e-mail-ə cavab verməyib.

Lakin xəbər verilir ki, Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov iki nazirin Vaşinqton səfəri zamanı görüşə biləcəklərini istisna etmədiyini deyib.