Polşada səyyar xəstəxanalar açılır, koronavirus testlərinə kömək üçün ordu cəlb edilir

Polşa Varşavanın məşhur milli stadionunda səhra xəstəxanası açır və səhiyyə sistemini çökmək təhlükəsi qarşısında qoyan yeni yoluxma hallarının artması fonunda koronavirus testlərinin keçirilməsinə yardım üçün ordunu cəlb edir.

Rəsmilər Qanun və Ədalət (PiS) hökumətinin koronavirus xəstələri üçün yataq və palatalar təmin edilməsində özəl tibb müəssisələri ilə danışıqlar apardığını və dövlət səhiyyə işçilərinin maaşlarını ikiqat artırmağı planlaşdırdığını bildirib.

Səhiyyə Nazirliyi keçən həftə gündəlik yoluxma hallarının 10 minə çatmasından sonra digər böyük şəhərlərdə də yeni xəstəxanaların yaradılmasına başlanıldığını bildirib.

Ölkənin səhiyyə naziri Adam Nedzelski yaxın günlərdə sosial məsafə və digər məhdudiyyətlərə sərt şəkildə əməl edilmədiyi təqdirdə yeni yoluxmaların gündəlik sayının 20 minə yüksələ biləcəyini deyib.

“Əlbətdə ki, biz (gündə) 15, hətta 20 min yeni yoluxma halları kimi ən pis ssenarilərə hazırlaşırıq” – deyə, Adam Nedzelski mətbuat konfransında bildirib.

Hökumət vətəndaşları evdə qalmağa çağırıb, idman zalları və hovuzların bağlanması, restoranların iş saatlarının azaldılması, universitetlər və orta məktəblərin online dərslərə keçməsinə göstəriş verib.

Yeni tədbirlərə baxmayaraq, Nedzelski hökumətin noyabr ayının 1-də polşalıların Müqəddəslər Günündə ailələri və dostlarının məzarlarını ziyarət edənlər üçün əlavə məhdudiyyətlər tətbiq edilməsinə hələ qərar vermədiyini deyib.