Pompeo: Qarabağda baş verənləri izləyirik

“Mən elə bu gün səhər Prezident Trampla bu barədə qısaca danışdım,” Pompeo bildirib. “Biz avropalı tərəfdaşlarımızla və sözün açığı, dünya boyu bir çox ölkələrlə birlikdə konfliktin çözülməsinə başlanğıc olaraq atəşkəsə çağırmışıq.”

Pompeo mülki vətəndaşların ölümündən və Türkiyənin Azərbaycana dəstəyindən narahatlığını ifadə edib.

“Biz hər bir beynəlxalq oyunçudan xahiş etmişik ki, regiondan kənar dursun, ixtilafı qızışdırmasın və biz bunun baş verməsi istiqamətində işləyirik.”

O əlavə edib ki, Birləşmiş Ştatlar qarşıdurmanın dayanmasına, atəşkəsin əldə edilməsinə və beynəlxalq hüquqa əsaslanan nəticəyə gəlinməsi naminə diplomatik vasitələrdən istifadə edir.

“Biz məsələyə kifayət qədər diqqət yetiririk. Sözün açığı, sadaladığım hədəflərə nail olmaq ehtimalını yüksəltmək üçün müəyyən işlər görmüşük.”

Çərşənbə günü ABŞ-da prezidentliyə Demokrat namizəd Co Bayden Azərbaycan və Ermənistan qüvvələri arasında 10 oktyabr atəşkəs razılaşmasının pozulmasından narahatlığını ifadə edib. Sabiq vitse-prezident Tramp administrasiyasını eskalasiya dönəmində “passivlik” göstərməkdə ittiham edib.

“Nə Prezident Tramp, nə də dövlət katibi Pompeo Ermənistan və Azərbaycan liderlərinə bir dəfə də olsun zəngi etməyib,” Bayden bildirib.

Onun sözlərinə görə, diplomatiyanı Moskvanın öhdəsinə buraxmaqdansa, Avropa tərəfşdaşları ilə birgə işləyərək Vaşinqton de-eskalasiya istiqamətində səy göstərməli və tərəflərin danışıqlar masasına qayıtmasına çalışmalıdır.