Prezident: “Füzuli şəhəri və rayonun daha bir neçə kəndi işğaldan azad olunub” – [yenilənir]

Füzuli şəhəri və Füzuli rayonunun daha bir neçə kəndi işğaldan azad olunub.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciəti zamanı deyib.

Prezidentin sözlərinə görə, Füzuli şəhəri və Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri erməni işğalından azad olunub.

Prezident bildirib ki, Ermənistan rəhbərliyi hərbi cinayət törədir. Dinc əhaliyə atəş açmaq özü də əməliyyat-operativ raket kompleksləri vasitəsilə atəş açmaq hərbi cinayətdir və onlar bu cinayətə görə məsuliyyət daşımalıdırlar və daşıyacaqlar. Biz isə onların cavabını döyüş meydanında veririk.

“Bu, bir daha Ermənistan rəhbərliyinin faşist mahiyyyətini göstərir. Birinci dəfə deyil ki, bizim şəhərlərimiz atəşə məruz qalır. Demək olar ki, hər gün Tərtər, Ağdam, Goranboy, Ağcabədi və digər şəhərlərə Ermənistan atəş açır və bu atəş nəticəsində vətəndaşlarımız həlak olur, yaralanır. 2 000-dən çox ev dağıdılıb ya da bu evlərə çox böyük ziyan vurulub. Ancaq bu namərd hərəkətlər Azərbaycan xalqının iradəsini qıra bilməz, sındıra bilməz”. – deyə o bildirib.

Prezident əlavə edib ki, bu gecə uğurlu əməliyyat keçirilib, strateji yüksəkliklər götürülüb.

“Bu haqda hələ mən bir şey demək istəmirəm, Hadisələri qabaqlamaq istəmirəm. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq. Bizim ərazi bütövlüyümüz bərpa edilir və ediləcək”, – Prezident deyib.

İlham Əliyev bildirib ki, Füzuli əməliyyatı rəmzi məna daşıyır. Bizim tarixi, qədimi yaşayış məskənini Azərbaycan özünə qaytardı.

“Onminlərlə insanın o yerlərə qayıtmasını təmin etdi. Eyni zamanda strateji nöqteyi-nəzərdən Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarması bizə növbəti strateji üstünlüklər verir, çünki Füzuli istiqamətində yerləşən bizim hərbi qüvvələrimiz bu günlər ərzində orada döyüşlər aparırdı və indi bu sirr deyil biz Füzuliyə hansı tərəfdən girə bildik, hansı böyük peşəkarlıq və rəşadət nəticəsində biz Füzulini işğalçılardan azad edə bildik”, – ölkə başçısı bildirib.

“Düşmən öz silahlarını yerə qoyub qaçmışdı son mərhələdə. Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcəkdir”, – o vurğulayıb.

Prezident deyib ki, Ermənistanın faşist rəhbərliyinə xəbərdarlıq edirəm ki, öz xoşu ilə qalan torpaqlardan çıxsın. Onsuz da biz onları ordan rədd edəcəyik. Onsuz da onların izi-tozu qalmayacaq. Onsuz da biz onları sonunadək qovub torpağımızdan rədd edəcəyik. Öz xoşu ilə getsin.

“Füzulini təslim etmək istəmirdi, halbuki bilirdi ki, onu saxlaya bilməyəcək. Cəbrayılı təslim etmək istəmirdi. İndi Cəbrayıl istiqamətində də dünən və srağagün və bu gecə uğurlu əməliyyatlar keçirilib. Strateji yüksəkliklər götürülüb. Ancaq bu gün müzəffər Azərbaycan Ordusu öz məqsədinə çatır və çatacaq”, – ölkə başçısı bildirib.