Prezident işğaldan azad edilmiş yeni ərazilərin adlarını açıqladı – [yenilənir]

“Yeni yaşayaş məntəqələri işğaldan azad olunub”.

Bunu Prezident İlham Əliyev xalqa müraciətində deyib.

Dövlət başçısı xalqa müraciətində Zəngilan, Cəbrayıl və Qubadlı rayonlarının dünən işğaldan azad edilmiş kəndlərinin adlarını açıqlayıb.

Zəngilan rayonu: Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd;

Cəbrayıl rayonu: Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu, Çələbilər;

Qubadlı rayonu: Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan və Qubadlı şəhəri.

Prezident bildirib ki, biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına yerinə yetiririk. Halbuki bu, BMT Təhlükəsizlik Şurasının vəzifəsidir. Təkbaşına biz icra edirik”.

“Biz yeni reallıq yaratmışıq, hesablaşın! Ancaq nə görürük, orda görüş, burda görüş, atəşkəs belə oldu, atəşkəsi kim pozdu… Bütün bunların fəaliyyəti indi Ermənistanı xilas etməkdir. Aqressoru, təcavüzkarı, Xocalı soyqrımını törədəni, Gəncəni Ermənistan ərazisindən ballistik raketlərlə bombalayanı. Budurmu, fəaliyyət? ”, – Prezident əlavə edib.

Onun sözlərinə görə, bu gün bütün imkanları bizə qarşı səfərbər ediblər. Mən bir ay buna dözürdüm, bir ay! Demirdim bunları. Boğaza yığılmışıq. Bu, bir.

“İkincisi, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, getsin öz namizədliyini geri götürsün. Vasitəçi neytral deyilsə, o vasitəçi ola bilməz. Vasitəçi ölkələr özü üçün gərək yeni bir funksiya fikirləşələr. Nə ilə məşğul olacaqlar. İndi 5 rayonun azad edilməsi – hanı 5 rayon? Bizdədir artıq 4-ü. O məsələ artıq getdi qurtardı. Özümüz götürmüşük: Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı – bu rayonların böyük hissəsi bizdədir”, – Prezident vurğulayıb.

O qeyd edib ki, Ermənistanı xilas etmək istəyirsinizsə, deyin ki, çıxsın torpaqlarımızdan. Dərhal rədd olsun!”.

“Şuşada Cıdır düzündə sərxoş vəziyyətdə oynayan o təlxək bəyan etsin ki, çıxıram. Yoxsa gündə 5-6 dəfə dünya liderlərinə zəng etməklə məsələ düzəlməz. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Biz haqqı-ədaləti müdafiə edirik”, – Prezident vurğulayıb.

O Ermənistanın baş naziri Nikol Paşinyana xitabən deyib ki, bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin? Nə oldu o? Cəhənnəmə getdi!

“Mən bir daha demək istəyirəm ki, bizi heç bir qüvvə yolumuzdan döndürə bilməz. Döyüş meydanında əldə edilmiş uğurlar danışıqlar masasında da yeni reallıq yaradıb”, – ölkə başçısı söyləyib.

Prezident son olaraq əlavə edib ki, biz yolumuzu davam edəcəyik. Atəşkəs istəyirlərsə, desinlər işğalçı dövlətə rədd olsun çıxsın. Yox? Axıra qədər gedəcəyik, sonacan gedəcəyik. Düşməni bundan sonra da qovacağıq, necə ki qovuruq. Necə ki qaçır bizim qabağımızdan və qaçacaq. Çünki biz haqlıyıq və biz güclüyük”.

O qeyd edib ki, biz danışıqların əleyhinə deyilik. Dünən Amerikada baş verən danışıqlar nəticəsində qərara gəlindi ki, bir neçə gündən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri Cenevrədə görüşəcəklər. Mən etiraz eləmirəm, görüşsünlər”.

“O qədər mənasız görüş olub ki… Bu 28 il ərzində o qədər mənasız görüş olub ki, biri artıq, biri əksik, fərq eləməz. Mən demək istəmirəm mən bu görüşə mənasız görüş kimi baxıram. Yox. Biz istəyirik ki, bunun mənası olsun”, – Prezident əlavə edib.