Prokuror jurnalistə 17 il həbs istəyib

Polad Aslanov

Oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə dövlətə xəyanətdə ittiham olunan xeberman.com saytının redaktoru Polad Aslanova prokuror 17 il həbs istəyib.

Aslanovun həyat yoldaşı Gülmir Aslanova bildirib ki, məhkəmə istintaqı zamanı Polad Aslanova qarşı irəli sürülmüş ittiham üzrə hər hansı fakt təsdiq olunmayıb.

“Polad Aslanov jurnalist fəaliyyətinə görə həbs edilib. O, təhlükəsizlik orqanlarının əməkdaşlarının Məşhədə və Kərbalaya gedən zəvvarlardan rüşvət alması ilə bağlı məqaləsinə görə həbs edilib. Hüquq-mühafizə orqanları Aslanovun məqaləsində yazdığı faktları araşdırmaq əvəzinə jurnalisti həbs ediblər,” o qeyd edib.

Xeberman.com saytının təsisçisi və baş redaktoru Polad Aslanov 2019-cu il iyunun 12-də saxlanıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur.

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatda deyilir ki, Polad Aslanov xarici xüsusi xidmət orqanlarının əməkdaşları ilə respublikadan kənarda məxfi görüşlər keçirib, aldığı pula görə qəbzləri imzalayıb. Açıqlamada onun xarici xüsusi xidmət orqanlarının əməkdaşlarından aldığı tapşırıqlar əsasında Azərbaycanın dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə istifadə etməkdən ötrü topladığı məlumatları həmin orqanlara ötürdüyü bildirilir.

Polad Aslanova qarşı irəli sürülmüş ikinci ittihamda – Cinayət Məcəlləsinin 134-cü (öldürməklə hədələmə) maddəsində 2 min manata qədər cərimə, 2 ilədək islah işləri və bu müddətdə həbs nəzərdə tutulub. O, saytlardan birinin əməkdaşı Dəyanət Babayevi hədələməkdə təqsirləndirilir. Məhkəmə bui ittihamı jurnalistin üzərindən götürüb.

Polad Aslanov ittihamların heç birini qəbul etmir, xaricə ziyarətə zəvvarları aparan şirkətlərdən xüsusi xidmət orqanları əməkdaşlarının rüşvət alması barədə yazılarına görə sifarişlə cəzalandırıldığını bildirir.