Qırğızıstanda nüfuzlu oliqarx saxlanıb

Qırğızıstanda gömrük xidmətinin keçmiş rəis müavini Raiymbek Matraimov saxlanıb. Ölkədən çıxarılmış yüzmilyonlarla dollarlıq sxemin aşkarlandığı jurnalist araşdırmasına onun adı keçirdi.

Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi bəyanatında Matraimovun oktyabrın 20-də saxlandığını açıqlayıb.

Üç gün öncə komitənin yeni rəhbərliyi bəyan etmişdi ki, Matraimov və həmkarlarının gömrük xidmətində dövlət xəzinəsinə ciddi ziyan vurmuş qanunsuz hərəkətləri üzrə araşdırma başlanıb.

Sözügedən araşdırmanı isə AzadAvropa/AzadlıqRadiosu-nun Qırğızıstan xidməti, Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi və Kloop xəbər saytı aparıb. Matraimovun korrupsiya sxemində iştirakı üzə çıxarılıb. Ötən ilin noyabrında İstanbulda qətlə yetirilmiş çinli uyğur biznesmen Aierken Saimaitinin həmin sxem çərçivəsində ölkədən pul çıxardığı iddia olunurdu.

Qətlindən öncə Saimaiti jurnalistlərə bir neçə il ərzində Qırğızıstandan pulu necə çıxardığını göstərən maliyyə sənədləri ötürmüşdü.

Matraimov və ailəsi Saimaitinə, yaxud gömrük xidmətində korrupsiyaya heç bir bağlılığı olmadığını deyib araşdırmayla bağlı məhkəmə iddiası qaldırıb.

Onun həbsindən bir neçə gün öncə ölkədə kütləvi etirazlar nəticəsində parlament seçkisinin nəticələri ləğv olunub, prezident Sooranbay Jeenbekov istefa verib.