Rusiyanın neft-qaz gəlirləri bir ildə 36 faiz azalıb

Rusiyanın federal büdcəsinin neft-qaz gəlirləri bu ilin 3 rübü ərzində ötən ilin analoji dövrü ilə müqayisədə 36 faiz azalıb.

Bu barədə Rusiyanın “Ali İqtisadiyyat Məktəbinin” Milli Tədqiqat Universitetinin “Dövlət və Biznes haqqında şərhləri” bületenində deyilir.

Bu ilin yanvar-sentyabr ayları ərzində neft və qazın satışından əldə edilən daxilolmalar 6 trilyon rubl təşkil edib. Federal büdcənin xərcləri isə 15 trilyon rubla bərabər olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 25 faiz çoxdur.

Xərclərin artmasına səbəb koronavirus pandemiyası ilə mübarizə üçün maliyyələşmənin artması ilə bağlıdır. Bununla belə, gəlirlər 12 faiz azalaraq 13,2 trilyon rubl təşkil edib.

Büdcə kəsiri 1,8 trilyon rubl təşkil edib. Mütəxəssislər qeyd edirlər ki, illik xərclərin təxminən 40 faizi isə IV rübə düşəcək.

Bu ilin yanvar-avqust aylarında Rusiyanın neft ixracından gəlirləri isə, təxminən, 40 faiz azalıb.

Qeyd edək ki, yanvar-sentyabr aylarında “Urals” neftinin bir barelinin qiyməti 2019-cu ilin analoji dövrü ilə müqayisədə 36 faiz, yəni 64,15 ABŞ dollarından 40,85 ABŞ dollara düşüb. Rusiyanın “Sokol” nefti isə Çin tərəfindən zəif tələbatı səbəindən may ayından bəri minimuma qədər ucuzlaşıb.