Rusiyanın Suriyadakı hava hücumu zamanı Türkiyənin dəstəklədiyi 50-dən çox üsyançı ölüb

Müşahidəçilərin bildirdiyinə görə, bazar ertəsi Suriyanın şimal-qərbində Türkiyənin dəstəklədiyi üsyançıların təlim düşərgəsinə edilən hava hücumu zamanı 50-dən çox döyüşçü ölüb, azı 90 nəfər yaralanıb.

Britaniyada yerləşən Suriya İnsan Haqlarıın Monitorinqi Qrupu öldürülənlərin sayının 78, Suriya müxalifətinin sözçüsü isə ölüm hallarının 50-yə yaxın olduğunu bildirib.

Suriyadakı müxalifət qrupları kimi Müşahidə Qrupu da hava hücumunun Suriya hökumətinin müttəfiqi Rusiya tərəfindən edildiyini deyir. Hədəf Suriyanın son üsyançı anklavı – İdlib əyalətinin şimal-qərbi, Suriyanın ən böyük müxalifət qruplarından birinin yerləşdiyi Cəbəl-Əl-Dveydəki Failaq Əl-Şam hərbi təlim düşərgəsi olub.

Suriya İnsan Haqları Müşahidə Qrupu hadisə yerində sağ qalanların axtarışının hələ davam etdiyini bildirib. Failaq Əş-Şamın sözçüsü Yusif Həmmud hava hücumunda ölənlər arasında düşərgə liderlərinin də olduğunu deyib. Düşərgə Türkiyə ilə sərhəd yaxınlığında yerləşir.

Türkiyənin dəstəklədiyi Suriyanın üsyançı Milli Qurtuluş Cəbhəsinin sözçüsü Naci Əl-Mustafa Associated Press xəbər agentliyinə bu hücuma cavab verəcəklərini deyib. O, Rusiyanın hava hücumunu “cinayət” adlandırıb, hökumət və Rusiya hərbi bölmələrini hədəf alacağı ilə hədələyib.