Səad Əl-Həriri Livanın baş naziri təyin edildi

Livan prezidenti Mişel Aun 1975-1990-cı illərdəki müharibədən bəri ölkədəki ən ağır böhranın öhdəsindən gəlmək üçün yeni hökumət qurmaq məqsədi ilə cümə axşamı sünni müsəlman siyasətçi Səad Əl-Həririni baş nazir təyin edib.

Hariri Aunla məsləhətləşmələrdə parlament üzvlərinin əksəriyyətinin dəstəyini qazanıb. Aun Livanın hökumətin paylaşması siyasəti və yeni kabinetin razılaşdılılması üçün böyük çətinliklərlə qarşılaşır. Belə ki, yeni hökumətin qarşısında bank böhranı, valyutanın çökməsi, yoxsulluğun artması və dövlət borcları kimi problemlər durur.

Yeni hökumət eləcə də COVID-19 dalğası və avqust ayında təxminən 200 nəfərin ölümü və milyardlarla dollar ziyanın olduğu Beyrut limanındakı partlayışın nəticələri ilə mübarizə aparmaq məcburiyyətində qalacaq.

Sünni lider Həririnin son koalisiya hökuməti bir il əvvəl, Livanın hakim elitasına qarşı baş qaldıran etiraz nümayişləri ölkəni bürüyəndə devrilmişdi.

O vaxt Həriri televiziya ilə yayımlanan müraciətində hökumətin “dalana dirəndiyini” bildirərək, etirazların onun istefasını prezident Mişel Auna təqdim etməyə vadar etdiyini demişdi. O, siyasi tərəfləri Livanın sabitliyini qorumağa və ölkənin tənəzzüldə olan iqtisadiyyatını canlandırmağa çağırmışdı.

Livanda etirazla korrupsiya, dövlət pullarının düzgün idarə olunmaması və ölkəni 1975-1990-cu illərdə baş verən vətəndaş müharibəsindən bəri görünməyən iqitsadi böhrana sürükləməkdə ittiham olunan siyasi elitaya qarşı idi.