Təbrizdə tutulan fəalların harada saxlanıldığı bilinmir

Təbrizdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar nəzarət altına alınmış 3 türk fəalın 10 gündür harada saxlanıldığına dair məlumat yoxdur.

Amerikanın Səsinin bölgədə fəaliyyət göstərən hüquq müdafiəçilərindən əldə etdiyi məlumata əsasən, milli fəallar Rəsul Rəzəvi, Hüseyn Əmir-Hicri və Hüseyn Məhəmmədiyanın taleyi ilə bağlı oktyabrın 17-də tutulduqdan bəri ailələrinə məlumat verilməyib.

Təqribən 3 həftə əvvəl Şərqi Azərbaycanın Culfa şəhərində nəzarət altına alınan Səid Sultani və Babək Kiyumərsinin də taleyi haqqında məlumat yoxdur.

Təbrizdə keçirilən aksiyada İran-Ermənistan sərhəd məntəqəsinin qapadılması tələb edilib

Saxlanılan fəalların yaxınları dəfələrlə Təbrizin polis və məhkəmə orqanlarına müraciət etsələr də cavab ala bilməyiblər.

Sentyabrın 29-dan bəri İran Azərbaycanı və türklərin yaşadığı digər bölgələrdə keçirilən Qarabağa dəstək mitinqləri ilə əlaqədar ən azı 200 nəfər saxlanılıb. Oktyabrın 17 və 18-də Təbrizdə mitinqlərə çağırış edən bir çox türk fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən nəzarət altına alınıb. Bəzi vətəndaşlar isə mitinq zamanı saxlanılıb.

Mitinqlərdə saxlanılan fəalların bir çoxu mülki zəmanət qarşılığında sərbəst buraxılsa da, onların haqqında başladılan mühakimə prosesi davam edəcək.