“Təhsilin dayanmasını ancaq düşmənlər istəyə bilər” – Ekspert

Məktəblər açılandan bu günə qədər 210 şagirddə koronavirus aşkarlanıb. Təhsil Nazirliyinin müvafiq önləyici tədbirlər görməsi də virusa yoluxmanın qarşını ala bilmir. Bir tərəfdən virus təhlükəsi ilə üz-üzə qalan müəllim, şagird, texniki heyyət, digər tərəfdən də təhsil. İkisindən də imtina etmək, olduqca çətindir. Bəs görəsən, indiki halda təhsil prosesinin belə aparılması ürəkaçandırmı? Əslində hər şey necə təşkil olmalıdır?

Abzas.net olaraq məsələ ilə bağlı ekspertlərlə danışdıq.

Təhsil eksperti Nabatəli Qulamoglu deyir ki, təhsil bir formada yox, bir neçə formada davam etdirilməlidir.

Onun sözlərinə görə, indiki məqamda online təhsilə üstünlük vermək lazımdır, ancaq müəyyən şərtlərlə.

“Guya əyani təhsil bu günə qədər şagirdlərə nə vermişdi ki, pandemiya dövründə də nəsə versin? Təhsilin səviyyəsi onsuz da aşağıdır. Bu günə qədər şagirdlərin bilik və bacarıqlarının artırılmasında böyük yük özəl müəllimlərə və valideyinlərə düşürdü. Ona görə, düşünürəm ki, online təhsilin də mənfi mənada böyük fərqi olmaz. Ancaq dövlət nəyisə tətbiq edirsə, onun əlçatan olması üçün də addımlar atmalıdır. Təhsil sahəsi çox önəmli sahədir, maliyyə ayrılmalıdır. İmkan daxilində şagirdlər kompuyterlərlə, internetlə təmin olunmalıdır. Ancaq bundan sonra online təhsilin faydalılığından danışmaq olar. Bütün hallarda isə, təhsil hansısa formada davam etdirilməlidir”, – deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.

Digər təhsil eksperti Şahlar Əsgərov isə deyir ki, ölkəmizdə təhsilin dayanmasını ancaq düşmənlər istəyə bilər.

Onun sözlərinə görə, problemlər olsa da, təhsil davam etməlidir.

“Onu müəyyən etmək lazımdır ki, yoluxanlar harda yoluxub? Məktəbdə, yoxsa kənarda? Bütün hallarda təhsil davam etməlidir, təhsilin dayanmasını ancaq düşmənlər istəyər. Bəli, dissidant təhsil üçün avadanlıq problemi var, təhsil nazirliyi bunu həll etməlidir. Digər tərəfdən də, bizim də öz üzərimə düşən məsələlər var. Məsələn, əvvəl maska yox idi, indi var, əvvəl az şey bilirdik virusla bağlı, indi çox. Bütün bunlara diqqət edib, əyani təhsil prosesini aparmaq olar”, – deyə təhsil eksperti Şahlar Əsgərov bildirib.

Əvvəlki məqaləÜST: Dünya boyu 10 nəfərdən biri koronavirusa yoluxmuş ola bilər
Növbəti məqalədəNifrətiniz üçün deyil, dəyərləriniz uğrunda savaşın! – Xalid Bağırov