Türkiyə – Ukrayna əməkdaşlığı nə vəd edir? [ekspert şərhləri]

Bu günlərdə Türkiyə ilə Ukrayna hərbi əməkdaşlıq müqaviləsi imzaladı. Rəsmilərin bildirdiyinə görə, Ukrayna prezidenti Vladimir Zelenski və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müdafiə sənayesinə dair “dostluq” razılığı və “hərbi çərçivə razılığının” imzalama mərasimində iştirak ediblər. Onlar razılıqla bağlı təfərrüatları açıqlamayıblar. Bundan öncə də Türkiyə və Ukraynanın xüsusən müdafiə sənayesi sahəsində əməkdaşlıq ediblər.

Bəs görəsən, yeni əməkdaşlıq hansı gələcəyi vəd edir?

Politoloq Elxan Şahinoğlu Abzas-a açıqlamasında deyir ki, Vladimir Zelenski prezident seçiləndən sonra Türkiyə ilə yaxınlaşmağa başlayıb.

Onun sözlərinə görə, Zelenski qarşısına məqsəd qoyub ki, Türkiyə-Ukrayna iqtisadi əlaqələri Türkiyə-Rusiya iqtisadi əlaqələrinə gəlib çatsın.

Elxan Şahinoğlu

“Zelenski hakimiyyətə gələndən sonra Türkiyəyə ikinci səfəridir. Türkiyə-Rusiya iqtisadi əlaqələri uzun müddətdir formalaşıb, 10 milyardlarla dollar ticarət mübadiləsi var. Zelenski də qarşısına belə hədəf qoyub ki, Türkiyə ilə iqtisadi əməkdaşlıq ən azı Rusiya qədər olsun. Düşünürəm ki, çətin hədəfdir, amma mümkünsüz deyil. Ukrayna sovet dövründən hərbi sənaye kompleksi ilə məşğuldur, Türkiyənin də buna marağı var”.

Politoloqun sözlərinə görə, Qarabağda gedən döyüşləri Ukrayna da yaxından izləyir və görür ki, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları hədəfləri necə sərrast vurur.

“Ona görə də, hər iki tərəf də əməkdaşlıqları genişlətmək istəyir və düşünürəm ki, bununla bağlı gələcəkdə hərbi sazişlər də olacaq”, – deyə politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq Zərdüşt Əlizadə deyir ki, Ukraynanın sovet dönəmindən qalma güclü hərbi sənayesi var. Onun sözlərinə görə, Ukrayna ordu quruculuğunun daha peşəkar aparmaq istəyir.

“Rusiya ilə Ukraynanın yaxşı əlaqələri olub, lakin Ukrayna ərazilərinin işğalından sonra münasibətlər korlanıb və Ukrayna üzünü Qərbə tutub. NATO Ukraynanın qəbul etmir ki, sənin ərzində münaqişə ocağı var. Türkiyənin isə güclü inkişaf edən hərbi sənayesi var və texnologiyalar əsasən Qərbdən götürülüb. Ona görə də, Ukrayna Türkiyə ilə bu mövzuda əməkdaşlığa maraqlıdır”, – deyə Zərdüşt Əlizadə bildirib.

Zərdüşt Əlizadə

Politoloq deyir ki, Türkiyə və Ukrayna hərbi baxımnan bir çox sahədə əməkdaşlıq edə bilərlər.

“Ukrayna ordusu NATO standartlarına uyğun formalaşan Türkiyə ordusundan çox şey öyrənə bilər. Xüsusən, tədrisin təşkili, silahlı qüvvələrin idarə edilməsi, texniki vəsaitlərin istifadə edilməsi və s. Hər iki dövlət qara dəniz hövzəsində təhlükəsizliyi təmin etmək üçün əməkdaşlıq edə bilərlər. Onların ortaq maraqları var. Və nəhayət hərbi kadrların təlim-təşkili baxımından birlikdə iş görə bilərlər”, – deyə politoloq Zərdüşt Əlizadə bildirib.