‘Əli Həsənovun funksiyaları kimə həvalə edilibsə, troll şəbəkəsini də həmin adam kurasiya edir’

Uzun zamandır Azərbaycanda sosial şəbəkələrdə troll hesab edilən saxta hesablar nüfuzlu media orqanlarının və nüfuzlu şəxslərin paylaşımlarının altında kütləvi rəylər yazıb, ictimai rəyə təsir etməyə çalışırlar.

Əvvəllər bu toll şəbəkəsinin prezidentin keçmiş köməkçisi Əli Həsənovla əlaqələndirsələr də, zaman göstərdi ki, hətta Həsənov vəzifədən kənarlaşdırılandan sonra da bu ‘troll şəbəkəsi’nin fəaliyyəti səngimədi. Bəs görəsən, bu şəbəkəni kimlər idarə edir?

Meydan TV-nin əməkdaşı Həbib Müntəzir deyir ki, təəssüf ki, Əli Həsənovun getməsi ilə bu problem də aradan qalxmadı. Onun sözlərinə görə, hazırda hökumətin media siyasətini və trollarla da işi başqa şəxslər koordinasiya edir.

Həbib Müntəzir

“Təəssüf ki, Azərbaycanda hələ də troll problemi qalır. Trollar mediaların feysbuk, instagram səhifələrinin paylaşımlarına kütləvi şəkildə rəy yazıb, gün verib işıq vermirlər. Azərbaycandakı trollar iki kateqoriyaya aiddir. Birincilər muzdlu trollardır və gördükləri işin davamlı olaraq hesabatını verirlər və buna görə də məvacib alırlar. Digər troll qrupu isə könüllü trollardır. Onlar hökumətə sevgilərini və dəstəklərini ifadə etmək üçün belə trolluq edirlər”, – deyə Həbib Müntəzir bildirib.

Azadlıq qəzetinin baş redaktoru Qənimət Zahid deyir ki, heç zaman belə hesab etməmişəm ki, trol şəbəkəsi yaratmaq, onu idarə etmək Əli Həsənovun ideyasıdır. Onun sözlərinə görə, trol şəbəkələri yaratmaq sosial medianı ictimai rəyin dolaşdırılması üçün istifadə etmək niyyəti güdən bütün avtoritar ölkələrin sistem təcrübəsidir.

“Azərbaycanda bu mexanizmə yalnız Əli Həsənov nəzarət etmirdi. “Milli trollarımız” milli hökumətimizin varlıq effektlərindən biridir. Nə qədər ki, ölkədə avtoritar sistem qalacaq, trollar da olacaq. Bunu Əli Həsənova bağlamaq üçün ya sadələvh olmalısan, ya siyasi niyyət güdməlisən, ya da aşırı axmaq olmalısan. İndi deyə bilmərəm ki, bu prosesi Himmət Hacıyev idarə edirmi və ya bir başqası”.

Qənimət Zahid

Q. Zahidin sözlərinə görə, Əli Həsənovun funksiyaları kimə həvalə edilibsə, ümumi rəhbərliyi də həmin şəxs həyata keçirir. “Amma çoxlu sayda muxtar trol qrupları da var ki, onları ayrı–ayrı dövlət məmurları yaradır, saxlayır və idarə edir”, – deyə baş redaktor bildirib.

Tanınmış iqtisadçı Qubad İbadoğlu da troll şəbəkəsindən ‘zərərçəkənlərdəndir’. Q.İbadoğlu deyir ki, o, həmişə troll hücumlarının hədəfində olub, amma heç vaxt bu səviyyədə və bu miqyasda, eyni zamanda bu aqressivlikdə trollar olmayıb. Xüsusən 10 noyabr bəyanatından sonra trollar aktivləşiblər.

Qubad İbadoğlu

Onun sözlərinə görə, ABŞ saatı ilə qoyulan postlara da Azərbaycan saatı ilə cavablar verirlər, hiss olunur ki, üzərlərində ciddi nəzarət var.

“İstəyirlər ki, ümumiyyətlə heç bir pessimist yazı olmasın. Azərbaycan haqqında, Qarabağ haqqında yalnız nikbin yazılar olsun. Hansısa bir suallar qaldırılırsa, onun cavablandırılmasına da imkan vermirlər. Ümumiyyətlə hökumətə yönələn tənqidlərin heç birini qəbul etmirlər. Müharibədən sonra bəzi həqiqətlərin yayılmasını istəmirlər, mən də həqiqətlərin həmişə yazan biri kimi yenə yazıram və hədəfə gəlirəm. Müharibə dövründə hqəqətləri yazanda gəlmirdilər, çünki müharibə dövrünün həqiqətləri xoşagələn idi və biz qalib gəlirdik. Ancaq indi Qarabağın statusu və bu kimi məsələlər qaldırılanda hücum çəkib, təzyiq etmək istəyitlər”, – tanınmış iqtisadçı Qubad İbadoğlu bildirib.