Ərdəbildə Azərbaycana dəstək mitinqlərində həbs edilən 12 şəxs məhkəməyə çağırılıb

Sentyabrın 29-da İranın Ərdəbil şəhərinin Ciral parkında Qarabağda hərbi münaqişə zamanı Azərbaycana dəstək mitinqində həbs edilən 12 fəal noyabrın 18-də Ərdəbil Prokurorluğuna çağırılıb.

Pərviz Siyabi Gürcanı, Hüseyn Balaxani, Əsgər Əkbərzadə, Müctaba Pərvin, Mehdi Huşmənd, Səccad Colani, Hamid Heydəri Barıs, Murtuza Pərvin, Bəhmən Xeyrcu, Mustafa Pərvin, Məhəmməd Colani və Subhan Bəxşidən elektron sistemi vasitəsilə göndərilən bir bildirişdə Ərdəbil Ümumi və İnqilab Prokurorluğunun 10-cu şöbəsinə zaminlə müraciət etmələri istənilib.

Milli fəallar dosye müstəntiqi tərəfindən müəyyən olunmuş 500 milyon tümənlik ağır mülki zəmanətə etiraz etsələr də, yenilənən məbləğinin miqdarında böyük bir fərq olmayıb.

Adları çəkilən fəallar sentyabrın 29-da Qarabağda hərbi münaqişə zamanı Azərbaycan Respublikası və ordusuna dəstək üçün keçirilən dinc mitinqdən sonra saxlanılmış və ağır işgəncələrə məruz qalmışdılar.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyinin yayımladığı məluma görə, İranın təhlükəsizlik qüvvələrinin işgəncələri üzündən Əsgər Əkbərzadə qulaq və göz nahiyəsindən, Hüseyn Balaxani ilə Pərviz Siyabi əllərindən, Muctaba Pərvin ilə Bəhmən Xeyrcu ayaqlarından, Murtuza Pərvin bel nahiyəsindən və Səccad Colani isə burun nahiyəsindən xəsarət almışdılar.

Amnesty International İran Azərbaycanının müxtəlif şəhərlərində milli fəalların geniş miqyasda həbs olunmasından narahatlığını bildirərək, onların qeyd-şərtsiz azad edilmələrini tələb edib.