Ərdoğan insan haqları sahəsində geniş islahatlar vəd edir

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan insan haqları sahəsində geniş islahatlar keçirəcəyini vəd edib. Təhlilçilərin fikrincə, bu, ABŞ-ın yeni administrasiya tərəfindən artacaq nəzarətlə bağlıdır. Bu həm də rəy sorğularının Ərdoğanın partiyasına dəstəyin azaldığını göstərməsi ilə əlaqədardır.

İnsan haqları qrupları və Türkiyənin qərb tərəfdaşları Ərdoğan hakimiyyəti dövründə insan haqları vəziyyətinin pisləşdiyini iddia edir. Müxalifətçilərə qarşı təqiblər davam edir, tanınmış siyasətçilər və vətəndaş cəmiyyətinin üzvləri də daxil olmaqla, on minlərlə insan həbsdədir.

“İnsan Haqları Fəaliyyət Planının layihəsi ölkənin bütün iqtisadi tərəfləri ilə işlənərək, yaxın günlərdə başa çatacaq” – deyə, Ərdoğan çərşənbə axşamı Nazirlər Kabinetinin iclasından sonra bildirib.

İnsan haqları qrupları sözdən çox hərəkətə çağırır.

“Mesajlar yaxşıdır, amma biz bu dəyişikliyin real sübutlarını görmək istəyirik və bu, bu günə qədər baş verməyib” – deyə, Human Rights Watch-un Türkiyə tədqiqatçısı Emma Sincler Vebb bildirib.

Cümə axşamı Human Rights Watch və Londonda fəaliyyət göstərən ARTICLE-19 Türkiyənin ikinci ən böyük müxalifət partiyası, kürd tərəfdarı HDP-nin keçmiş lideri Səlahəddin Demirtaşın sərbəst buraxılmasını tələb edən bəyanatla çıxış edib.

Demirtaş terror ittihamı ilə mühakimə olunduqdan sonra dörd ildir həbsdədir. 2018-ci ildə Avropa İnsan Hüquqları Məhkəməsi “siyasi motivli” qərarı ləğv edib.

Türkiyə hökuməti kürd liderin həbsinə bəraət qazandıraraq, ona qarşı siyasi çıxışına görə də ittiham irəli sürüldüyünü bildirir. Rəsmilər bu çıxışı terrorçu propaqandası adlandırır.

Digər bir tanınmış məhbus, xeyriyyəçi Osman Kavala yaxın zamanda sərbəst buraxıla bilər. Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül keçən həftə onun işinə yenidən baxıldığını bildirib.

Kavalanın 2017-ci ildə terror ittihamı ilə həbs olunması və sonradan məhkum edilməsi genişmiqyaslı milli və beynəlxalq qınağa səbəb olub. Keçən il Avropa Məhkəməsi onun sərbəst buraxılmasına çağırıb.