Araşdırmaçı jurnalist keçmiş nazirin ailə üzvlərinin biznesindən yazdı – SƏNƏDLƏR

“Keçmiş ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırovun Azərbaycanda üzləşdiyi problemlər onun ailə üzvlərinin Londondakı biznesini iflic edib”.

Bunu araşdırmaçı jurnalist Cavanşir Həsənli “Feysbuk” hesabında yazıb.

Ötən ay Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyev məhkəmə iclasında Hüseynqulu Bağırovun məhkəmədə dindiriləcəyi ilə bağlı məlumat vermişdi.

Hakimin araşdırdığı, yarım milyona yaxın mənimsəmə ilə bağlı cinayət işində H. Bağırovun adı hallanırdı.

Cavanşir Həsənlinin sözlərinə görə, sabiq nazirin üzləşdiyi problemlər sözügedən məhkəmə prosesi və maliyyə nəzarəti ilə bağlıdır.

O həmçinin qeyd edib ki, səbəblər sırasına sabiq nazirin Avropadakı otelçilik biznesini məngənəyə salan pandemiya da daxildir.

Jurnalist İngiltərədə keçmiş nazirə məxsus, qızı Sevinc Bağırovanın adına rəsmiləşdirilmiş “NORDFIELDS MANAGEMENT LIMITED” şirkətinin adı maliyyə çətinlikləri və vergi borcları ucbatından artıq Britaniya Şirkətlər Evinin “qara siyahısı”na salındığını, oktyabrın 20-də rəsmi “First Gazette”də yer alan bildiridə şirkətin iki ay ərzində qeydiyyatının ləğv ediləcəyi və ona aid bütün əmlak və vəsaitin Krallığın xeyrinə müsadirə olunacağı barədə xəbərdarlıq olunduğunu bildirib.

 

“Xəbərdarlıq sahibsiz mülkiyyət hüququnu tənzimləyən “bona vacantia”dan gedir.

Bu ayın 7-də isə Sevinc Bağırovanın müraciəti nəzərə alınaraq şirkətin ləğvi prosesi müvəqqəti olaraq dayandırılıb”, – Cavanşir Həsənov belə yazıb.
Jurnalistin sözlərinə görə, vergi ödəmələrindəki problemlər ucbatından Bağırovlar ailəsi Qlazqodakı oteli idarə edən “NORDFIELDS PROPERTIES LIMITED” şirkəti ilə bağlı illik hesabatı iki aya yaxın müddətdə gecikdiriblər.

Ailəyə məxsus bir neçə şirkət noyabrın ilk günlərində əvvəlki dəbdəbəli ünvanlarını (Hatton Garden 63-66 və Borough High street 85-87) tərk edərək Princes street 4-də cəmləşib: “Hüseynqulu Bağırovun Avropadakı biznesini xilas etmək üçün hələ yay aylarında Azərbaycandakı geniş torpaq sahələrini və meyvə bağlarını satışa çıxardığı məlum idi. Lakin güman olunur ki, onun ölkədən qanunsuz vəsait çıxarmasına imkan verilməyib”.
Araşdırmaçı jurnalist Hafiz Babalı “Toplum TV”yə bildirib ki, Hüseynqulu Bağırov nazir təyin olunmazdan əvvəl Qərb Univesitetinin sahibi idi, onun Azərbaycanda ictimaiyyətə bəlli olan yeganə publik əmlakı bu ali məktəbdir və bu məktəbin təhsil haqları hesabına Britaniya və Türkiyədə çoxsaylı daşınmaz əlmak almaq praktik olaraq mümkün deyil:
“Bu baxımdan Hüseynqulu Bağırovun ailə üzvlərinin adına çoxlu sayda mülklərin olması korrupsiyaya qarşı mübarizə prizmasından təhqiq olunası məsələdir”.

Onun sözlərinə görə, keçmiş nazirin mediada dərc olunan və ictimaiyyət arasında rezonansa səbəb olan junalist araşdırmalarına cavab verməməsi başa düşüləndir: “Onun bu sərvəti qeyri-qanuni yollarla əldə etməsini sübut etmək üçün həmin tədqiqatlar yetərli deyil. Lakin nazir maaşı və şirkətlərdən əldə olunan gəlirlərin qeyri-mütənasibliyi onun barəsində cinayət təqibinin başlanması üçün əsas ola bilər”, – deyə o əlavə edib.

Hüquqşünas Fariz Namazlı isə hesab edir ki, dövlət qulluqçularının ailə üzvlərinin kommersiya fəaliyyəti ilə məşğul olması qadağan deyil. Buna görə də hazırki məsələ ilə bağlı nazirə qarşı hər hansı cinayət təqibinin həyata keçirilməsi düzgün deyil.

“Müəyyən etmək lazımdır ki, həmin şirkətlər nazirin qeyri qanuni fəaliyyəti nəticəsindəmi yaradılıb? Belə olan halda məsuliyyətdən söhbət gedə bilər”, – hüquqşünas bildirib.
2018-ci ildə vəzifədən uzaqlaşdırılan Hüseynqulu Bağırovun ölkədə və xaricdə, Türkiyə və bir sıra Avropa ölkələrində çoxsaylı biznes aktivləri, mülkləri, şirkətləri barədə faktlar açıqlanmışdı.

Məlum olmuşdu ki, keçmiş nazirin ailə üzvləri Almaniyada, Böyük Britaniyada, Türkiyədə, Çexiyada, Latviyada və digər ölkələrdə otellərə, kommersiya daşınmaz əmlaka, müxtəlif biznes sahələri ilə məşğul olan şirkətlərə, o cümlədən Azərbaycanda otellərə və s. obyektlərə malikdir.