Avstraliya iki ştat arasında koronavirus məhdudiyyətlərini qaldırıb

Avstraliyanın əhalinin sıx olduğu sərhəd ştatlarında beş ay davam edən COVID-19 məhdudiyyətləri nəhayət qaldırılıb. İkinci ölümcül dalğanın öhdəsindən gələn Victoriya ştatı ilə qonşu Yeni Cənubi Uels arasında səyahətə icazə verilib.

Avstraliyanın insanların ən sıx məskunlaşdığı ştatları arasındakı sərhədin yenidən açılması şənliklərlə qeyd edilib. Bu ştatlar arasında 135 gün davam edən məhdudiyyətlər ailələri bir-birindən ayrı düşməsinə və bizneslərin fəaliyyətinin dayanmasına səbəb olub.

Melburn şəhərində dünyanın ən uzun sürən məhdudiyyətlərinə səbəb olan ikinci koronavirus dalğasının qarşısının almasından sonra Yeni Cənubi Uels qonşusu Viktoriya ilə səyahət məhdudiyyətlərini qaldıran kimi avtomobillər gecədən başlayaraq növbəyə düzülüb.

Rəsmilər bazar ertəsi bu cənub ştatında son 24 gün müddətində təsdiq olunmuş yoluxma halının qeydə alınmadığını və yalnız bir aktiv COVID-19 xəstəsi olduğunu bildirib. Artıq ştat sakinlərindən açıq havada maska taxmaq tələb olunmur və daha çox insanın bir araya gəlməsinə icazə verilir. Kafe və restoranlar da daha çox müştəri qəbul edə bilər.

Yeni Cənubi Uels Avstraliyada bütün ştatlar və regionlara açıq olan ilk ştatdır. Digər bölgələrdə səyahət məhdudiyyətləri qalmaqda davam edir. Sidney sakinlərinə hələ də şimaldakı Quinsland ştatına giriş qadağan edilir.

Yeni Cənubi Uels rəsmiləri təhsil sektorunun inkişafı məqsədilə nxarici tələbələrin Avstraliyaya qayıtması üçün xüsusi yardım göstərilməsinə çağırıb. Xarici vətəndaşların çoxu mart ayından bəri beynəlxalq sərhədlər bağlandığı üçün Avstraliyaya gedə bilmir. Lakin Yeni Cənubi Uels hər həftə 2000 xarici tələbənin ölkəyə qayıtmasına icazə vermək istəyir. Onlar icbari maska taxmalı və 14 gün mehmanxanada karantində qalmalı olacaq.

Federal hökumət isə evlərinə qayıtmaq istəyən avstraliyalılara üstünlük verilməli olduğunu bildirir. Hazırda 6000 vətəndaşa və daimi yaşayış icazəsi olan sakinə ölkəyə qayıtmağa icazə verilib.

Cons Hopkins Koronavirus Tədqiqat Mərkəzinin bildirdiyinə görə, pandemiya başlayandan bəri Avstraliyada koronavirusa 27 800-dən çox yoluxma və 900-dən çox ölüm halı qeydə alınıb.

MƏNBƏVOA
Əvvəlki məqaləBQXK Qarabağdakı kontingentini 4 dəfə artıracaq
Növbəti məqalədəİspaniya Kralı karantinə alınır