Baş redaktor: “Diasporla İş üzrə Dövlət Komitəsi öz işi ilə məşğul olsa yaxşıdır”

Qulu məhərrəmli Arif Əliyev Mehman Əliyev

Diasporla İş üzrə Dövlət Komitəsinin və “Timberwolf Phoenix” media şirkətinin təşkilatçılığı ilə “Ərazi bütövlüyü beynəlxalq hüququn bir hissəsi kimi: Azərbaycan nümunəsi” mövzusunda videokonfrans təşkil olunub. Videokonfransda müxtəlif ölkələrdə yaşayan 40-a yaxın jurnalist, siyasi ekspertlər və digər şəxslər iştirak ediblər. Sonda tədbir iştirakçıları Qafqaz Jurnalistləri Şəbəkəsinin yaradılmasına qərar veriblər.

Bildirilir ki, “Qafqaz Jurnalistləri Şəbəkəsi”nin əsas məqsədi Azərbaycanın mövqeyini dəstəkləyən jurnalistləri bir araya gətirmək, Azərbaycan həqiqətlərinin nüfuzlu media vasitələrilə dünyaya çatdırılmasına nail olmaq, jurnalistlərin istinad edə biləcəyi obyektiv xəbərlər və məqalələr bazasını formalaşdırmaq, tanınmış xarici jurnalistlərlə sıx əməkdaşlıq əlaqələri yaratmaqdan ibarətdir.

Bəs görəsən, “Qafqaz Jurnalistləri Şəbəkəsi” nə qədər yararlı və effektiv ola bilər?

‘Turan’ Agentliyinin rəhbəri Mehman Əliyev deyir ki, mən eşitməmişəm ki, Amerikada, Fransada, ümumiyyətlə medianın inkişaf etdiyi ölkələrdə Cənubi Amerika üzrə, Şimali Amerika üzrə, Orta Asiya üzrə qrup yaradılsın. Orda var həmrəylik birlikləri, yaradıcılıq birlikləri, bir-birlərini müdafiə etmək üçün həmkarlar ittifaqı. Ancaq bu mənada birləşirlər.

Mehman Əliyev

“Diasporla İş üzrə Dövlət Komitəsi öz işi ilə məşqul olub diasporanın fəaliyyətini yaxşılaşdırsa, daha yaxşı olar. Müharibə dövründə Azərbaycanda hər kəs tənqid edirdi ki, Rusiya kanalları qərəzlidir, bitərəfdir. Sonra da deyirlər ki, Rusiyada 2 milyonluq diaspora var. Bu 2 milyondan 3 nəfər adam seçə bilmirlər ki, gedib Rusiya kanallarında danışsın. Bu diasporanı hansısa Kütləvi İnformasiya Vasitələrində çıxış edəndə görmüsünüz?”

Mehman Əliyev deyir ki, diaspora nümayəndələrindən KİV-də işçi kimi çalışanları saysaq, barmaqla sayarıq, ermənilər qat-qat çoxdur.

“Diaspora komitəsi getsin bu problemi həll etsin, bu problemləri aradan götürsün. Biz nöqsanları gördük. Əvvəl öz işlərini düzəltsinlər, sonra gəlsinlər jurnalistika ilə məşqul olsunlar”.

Agentliyin rəhbəri deyir ki, diaspora xaricdə yaşayan azərbaycanlılara müxtəlif formalarda mediaya çıxmalarına, yazmalarına, danışmalarına kömək etməlidir.

“Disapora Azərbaycanın haqlı mövqeyini çatdırmaq istəyirsə, öz kadrlarımızla bunu etməlidir. Xaricdə bizim sözümüzü deyən normal ekspertimiz də yoxdur”, – deyə Mehman Əliyev bildirib.

‘Press Klub’un direktoru Arif Əliyev deyir ki, bu ideya özü köhnə ideyadır, bundan əvvəl də bir neçə dəfə cəhd göstərilib, amma hökumətin ciddi marağı olmadığı üçün müxtəlif mərhələlərdə o layihələr yarımçıq qalıb. Onun sözlərinə görə, bu işlə müstəqil mənbələr məşqul olsa daha yaxşı və daha effektiv olar.

Arif Əliyev

“Xarici jurnalistlər hökumətin iştirak etdiyi və hansısa formada hökumətin himayəsi altında olan birliklərə daxil olmağa o qədər də meyl göstərmirlər. Onlar bu birlikləri həmişə qərəzli və ideolji məqsədlər güdən birliklər hesab edirlər. Ona görə də düşünürəm ki, bunu belə bir şəkildə həyata keçirmək çox çətin olacaq”.

Direktor bildirir ki, ümumiyyətlə, köhnə sistem dəyişməlidir və yeni yanaşmalar gəlməlidir: “Heç bir jurnalist təşkilatı dövlət idarəsi sahəsində onlar qədər biliyə sahib olmadığı kimi, dövlət qurumları da media sahəsində jurnalistlər qədər biliyə sahib deyillər və bu sahədə birinci əl olmağa çalışmamalıdırlar”.

Əməkdar jurnalist, professor Qulu Məhərrəmli deyir ki, ciddi xarici medialar ancaq müstəqil mənbələrlə işləyirlər. Onun sözlərinə görə, hansısa bir ciddi və tanınmış xarici media Azərbaycanla bağlı məlumat axtaranda Turan İnformasiya Agentliyinə istinad edir, digərlərinə yox. Çünki bilirlər ki, Turan müstəqil mənbədir.

Qulu Məhərrəmli

“Bir vaxtlar biz “Yeni Nəsil Jurnalistlər” birliyində Arif Əliyevin təşəbbüsü ilə “Avropa Jurnalistləri” qovu yaratmışdıq və o xətlə dəvətlər edirdik. Xarici jurnalistlər gəlirdilər bura, Azərbaycanla bağlı maraqlı olan suallarını nazirlərə, dövlət qurumlarının rəhbərlərinə verib, cavab alırdılar. Dəfələrlə olub ki, gələn jurnalistləri ölkə başçısı da qəbul edib”.

Qulu Məhərrəmli deyir ki, bu yaxşı bir iş idi, çünki biz müstəqil idik və onlar müstəqil kanallarla gəlirdilər. Sonradan Azərbaycanda media siyasətini tənzimləyən adamlar bu klubun fəaliyyətinə imkan vermədi.