Bayden mətbuat katibi vəzifəsinə Rusiyada sevilməyən şəxsi təyin etdi

ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden özünün mətbuat katibini seçib. Bu, Dövlət Departamentinin keçmiş sözçüsü və Baydenin keçid komandasının üzvü Cennifer Psakidir. Məlumat noyabrın 29-da Baydenin keçid komandasının saytında yayımlanıb. 

Verilən məlumata görə, Ağ Evin ictimaiyyətlə əlaqələr şöbəsi yalnız qadınlardan ibarət olacaq. Bayden Ağ evin Kommunikasiyalar üzrə direktoru vəzifəsinə Keyt Bedingfildi təyin etmək niyyətindədir.

Yeni prezidentin mətbuat katibi isə 2013-2015-ci illərdə Dövlət Departamentinin mətbuat katibi vəzifəsini icra edən Cen Psaki olacaq. 2009-2011 və 2015-2017-ci illərdə isə Psaki  prezident Barak Obamanın kommunikasiyalar üzrə köməkçisi işləyib.

Rusiyada Psakini Ukraynada baş verən hadisələrlə bağlı səsləndirdiyi kəskin fikirlərə görə sevmirlər. O zaman Psaki Rusiya KİV-lərinin xüsusi tənqid hədəfinə çevrilmişdi.

Co Baydenin komandasında təmsil olunan bir çox şəxslər Rusiyaya qarşı xüsusi tənqidi mövqeləriylə seçilirlər.