Deputat-rektor: “Tələbənin qovulması çox yanlış qərardır”

Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin Mexanika ixtisası üzrə I kurs tələbəsi Pərviz Məmmədov universitetdən qovulub. Buna səbəb kimi, onun onlayn dərs zamanı intizamsızlıq etməsi və Azərbaycan bayrağına hörmətsizlik etməsi göstərilib. Sözügedən onlayn dərsin görüntüləri də sosial şəbəkələrdə yayılıb. 

Tələbənin universitetdən qovulması cəmiyyət tərəfindən birmənalı qarşılanmayıb. Bir qrup insan düşünür ki, universitet doğru addım atıb və tələbənin etdiyinin cəzası bu olmalıdır. Digər bir qrup insan isə cəzanın ağır olduğunu və tələbənin hərəkətlərində bilərəkdən bayrağa hörmətsizlik olmadığını düşünür.

“Tələbənin universitetdən qovulması yanlışdır”

Deputat, Ağsaqqallar Şurasının sədri, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyev deyir ki, tələbənin universitetdən qovulması doğru qərar deyil.

Onun sözlərinə görə, hətta müəyyən səhvlərə yol vermiş olsa belə, bir tələbəni təhsilsiz qoymaq problemlərlə doğru mübarizə üsulu deyil.

“Qovulan tələbənin bayrağa bilərəkdən hörmətsizlik etməsini düşünmürəm. O bayrağa hörmətsizlik etmək istəməyib. O bayrağı başına dolayanda hörmətsizlik olacağını bilməyib, gəncdir, 16-17 yaşı var, səhv edə bilər, ancaq bu o demək deyil ki, 1-ci kurs tələbəsini səhvinə görə, belə ağır üsulla cəzalandırmaq lazımdır. Bəli, bayrağı üzünə dolayıb üzünü gizlətməsi, dərsdə intizamsılıq etməsi yanlışdır. Ancaq bir məsələni nəzərə almaq lazımdır ki, onsuz da pandemiyaya görə təhsil bir müddət qaldı, 1-ci kursa gələn gənc tələbələr universitet nizam-intizamını tam mənimsəmədi. Belə olan halda, o gənclə düzgün iş aparıb, onu qazanmaq əvəzinə, qovub itirmək nəyə lazımdır? O gedib küçədə nə öyrənəcək? Qərar çox yanlışdır”, – deyə o vurğulayıb.

Millət vəkili deyir ki, bu tələbənin ciddi intizamsılığıdır. Ancaq etiraf etmək lazımdır ki, 1-ci kurslar heç bu il gəlib bilmədilər ki, universitet nədir, dekan kimdir, rektor kimdir, qrup nədir, auditoriya nədir. Bax bu hamısı onun əlamətləridir. Başqa şey yoxdur burda.

Onun sözlərinə görə, hər universitetin rektorurunun təlim-tərbiyə üzrə müavinləri olur, onlar çağırıb söhbət edə bilərdi. Töhmət vermək olardı. Amma belə universitetdən kənarlaşdırmaq olmaz, mən bunun əleyhinəyəm.

“Yəqinki pandemiyayla əlaqədar qəbul yoxdur, amma mən hesab edirəm ki, o tələbə nazirliyə şikayət eləməlidir. Nazirlikdə araşdırmalıdır, səhvinə görə töhmət verməlidir, ancaq bu, universitetdən qovmaq olmamalıdır. Uşaqlar fərqli olurlar, hərəsi bir cür formalaşır, onlara qayğı göstərmək lazımdır. Bəs təlim-tərbiyə üzrə prorektor nəyə lazımdır? O uşaqlar həm də tərbiyəli və savadlı kadr kimi yetişdirmək üçün. Bu birinci kurs tələbəsi hələ nə dərs keçib ki, dərsə intizamı da formalaşsın. Müəllim etsəydi, onu belə cəzalandırmaq olardı, amma 1-ci kurs tələbəsi üçün düzgün qərar deyil. Məm özüm də həmişə 1-ci kurs tələbələrinə deyirdim ki, mən sizin rektorunuzam, müəllimlərin dirktoru. Nə vaxt çətinliyiniz oldu, probleminiz oldu gəlin mənim yanıma, həll edim. Qapım həmişə sizə açıqdır. Dediyim kimi, mən həmişə tələbənin tərəfindəyəm”, – deyə millət vəkili Eldar Quliyev bildirib.

Tələbənin universitetdən qovulmasına əsas yaradan heç nə yoxdur

Təhsil eksperti Nabatəli Qulamoğlu deyir ki, məsələni dəqiq araşdırmadan, onun köklərinə varmadan qərar vermək çox yanlışdır.

Nabatəli Qulamoğlu

Onun sözlərinə görə, lakin o, bu universitetdən qovulmanı düzgün qərar hesab etmir.

“Mikayıl Cabbarov təhsil naziri olanda Sumqayıtda hər kəs tərəfindən sevilən bir müəllimi kiçik yanlışa görə işdən çıxartmışdı. Bu çox pis qəbul edildi və hər kəs qınadı. Bundan sonra Sumqayıt Şəhər İcra Hakimiyyəti də işə qarışdı və o müəllimi yeni işlə təmin etdilər. Düşünürəm ki, bu hal indi də olmalıdır. Araşdırıb qərar verməlidirlər. Ancaq mən o videoya baxmışam və ilk baxışdan da görünür ki, orada tələbənin universitetdən qovulmasına əsas yaradan heç nə yoxdur”, – deyə təhsil eksperti Nabatəli Qulamoğlu bildirib.