Deputat: “Sülhməramlılarının orada qala bilməsi ancaq Azərbaycan tərəfinin razılığı ilə mümkün ola bilər”

Kəlbəcərdəki Xudavəng  monastrında Rusiya sülhməramlılarının yerləşdirilməsindən narahat olmaq lazım deyil. Çünki istənilən halda Kəlbəcər Azərbaycana verilir və orada ermənilər olmayacaq”.

Bu fikirləri Modern.az-a Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Rusiya sülhməramlılarının Kəlbəcərdəki Xudavəng monastrına yerləşdirilməsi barədə danışarkən deyib.

Deputatın sözlərinə görə, Rusiya sülhməramlılarının orada qala bilməsi ancaq Azərbaycan tərəfinin razılığı əsasında mümkün ola bilər:

“Həmin monastrın müdafiə olunması çox önəmlidir. Çünki Kəlbəcərdən hələ ki ermənilərin çıxarılması davam edir. Bu müddət ərzində orada hər hansı provakasiya həyata keçirə bilərlər. Azərbaycanın heç zaman Xudavəng monastırını dağıtmaq niyyəti olmayıb. 70 il həmin monastr Azərbaycanın nəzarəti altında olub. Heç bir təhlükə də yaranmayıb. Əgər bu gün ermənilər həmin monastra görə zarıyırlarsa, onların ağızlarını yummaq üçün hansısa müddətə orada sülhməramlılar qala bilər”.

Qeyd edək ki, noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmada Kəlbəcərdə yerləşən Xudavəng monastrında Rusiya sülhməramlılarının yerləşdirilməsi öz əksini tapmayıb.

Ancaq son günlər Rusiya sülhməramlılarının adıçəkilən ərazidə görünməsi ilə gələcəkdə ermənilərin həmin monastra rahat gedib-gəlməsi barədə ortaya atılan məsələlər  bəzi suallara yol açıb.