Ekspert: “Heç kim bu suala cavab vermir ki, Laçın şəhəri bizim nəzarətimizdə olacaq, ya yox?”

Azərbaycan, Ermənistan və Rusiya tərəfindən 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra artıq işğal altında olan Ağdam, Kəlbəcər və Laçın rayonları Azərbaycana təhvil verilir. Ancaq bu proses ərzində açıq qalan xeyli suallar var.

Bəyanatda deyilir ki, Laçın dəhlizində 5 kilometrlik ərazidə Rusiya sülhmərmalıları yerləşəcək və onlar Ermənistandan Dağlıq Qarabağa ermənilərin problemsiz gediş-gəlişi üçün keşik çəkəcəklər.

Laçın dəhlizinin bir hissəsinin Laçın şəhərindən keçməsini nəzərə alsaq, ortaya bir sual çıxır ki, şəhər Azərbaycanın nəzarətində olacaq?

Məsələni şərh edən millət vəkili Elman Nəsirov deyir ki, üçtərəfli bəyanatda göstərildiyi kimi, şəhər də daxil olmaqla, Laçın rayonu tam şəkildə boşaldılacaq. Onun sözlərinə görə, heç bir gecikmə ola bilməz.

Elman Nəsirov

“Bilirsiniz ki, bəyanata uyğun olaraq Ağdam və Kəlbəcər boşaldıldı və artıq oralara Azərbaycan nəzarət edir. Yalnız Kəlbəcər hava şəraiti ilə əlaqədar olaraq nəzərdə tutulandan bir neçə gün gec boşaldıldı, bu da anlaşılan idi”.

Deputat deyir ki, Laçın rayonu da Laçın şəhəri daxil olmaqla 10 noyabrda imzalanmış bəyanata uyğun olaraq 1 dekabra kimi tam şəkildə boşaldılacaq.

“Bu məsələdə narahatlıq əsassızdır və mən düşünürəm ki, bu mövzunu Azərbaycanın uğurlarına kölgə salmaq istəyən, Azərbaycanı gözü götürməyən qüvvələr ortaya atıb. Lakin bunun heç bir əsası yoxdur”, – deyə millət vəkili Elman Nəsirov bildirib.

Hərbi ekspert Azad İsazadə deyir ki, o dəqiqdir ki, Laçın dəhlizində 5 kilometrlik ərazi Azərbaycanın nəzarəti olmayacaq.

Azad İsazadə

Onun sözlərinə görə, Laçın dəhlizinin bir hissəsi Laçın şəhərinin içindən keçir. İndi heç kim bu suala cavab vermir ki, Laçın şəhərindən keçən hissə bizim nəzarətimizdə olacaq, ya yox?

“Laçın şəhərində Azərbaycanlılar yaşasa və ermənilər də o yoldan istifadə etsə, azərbaycanlıların təhlükəsizliyini kim qoruyacaq? Rus sülhmərmalıları orda olacaqmı və ya orada Azərbaycanın polis orqanları xidmət aparacaqmı? Bu suallar açıq qalır”.

Ekspertin sual verir ki, ümumiyyətlə, Ermənistandan Dağlıq Qarabağa alternativ yol çəkilənə kimi, 3 il ərzində Laçın şəhərində azərbaycanlılar orada yaşaya biləcəkmi?

“Bu suallara heç kim cavab vermir. Yəqin ki, dekabrın 1-i Laçın boşaldıldıqdan sonra bu məsələdə aydınalaşacaq. Hələlik bu barədə heç kim heç nə bilmir”, – deyə hərbi ekspert Azad İsazadə bildirib.