Elman Fəttah: “Azərbaycan Konstitusiyası İlham Əliyevin səlahiyyətlər toplusudur”

12 noyabr Azərbaycanda Konstitusiya Günüdür. Müstəqil Azərbaycan Respublikasının ilk konsitutsiyası 1995-ci ildə qəbul edilib. Son 25 ildə dəyişiklik və düzəlişlər edilməsi üçün bir neçə dəfə referendum keçirilib.  

Konstitusiya mahiyyət etibarilə xalqın və dövlətin hüquqlarını müəyyənləşdirməklə yanaşı, Azərbaycanın suverenliyini qoruyan əsas sənəddir. Amma son bir neçə gündə  konstitusiyanın pozulması ilə bağlı iddialar səslənməkdədir.

Noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri Dağlıq Qarabağda əməliyyatların dayandırılmasına dair birgə bəyanat imzaladılar. Bundan dərhal sonra Rusiya sülhməramlıları Dağlıq Qarabağın ərazisinə yerləşməyə başladı.

Müxalifət liderləri bunu  konsitutsiyanın kobud şəkildə pozulması sayırlar. Onların söylədiyinə görə, bu cür mühüm qərar qəbul edilməzdən öncə xalq məlumatlandırılmalı, məsələ paralmentdə müzakirə edilməli idi.

Bəzi şərhçilərə görə, bu addım ölkənin işğalı anlamına gəlir. Onlar 100 il əvvəl XI Qızıl ordunun Anadoluya keçmək bəhanəsi ilə  Azərbaycan ərazisinə girdiyini və az sonra Cümhuriyyətin süqut etdiyini xatırladırlar.

Həmin dövrlə bu gün arasında müqayisə aparanlar belə bir suala da cavab axtarırlar: sülhməramlıların ölkəyə gəlişi Azərbaycan konstitusiyanın kobud şəkildə pozulmasıdır, yoxsa sadəcə sülhü bərqərar etmək cəhdidir?

“…Konstitusiyanın pozulmasıdır”

Siyasi şərhçi Elman Fəttahın fikrincə, ölkə başçısının bəyanat imzalaması konstitusiyaya zidd deyil, onun belə bir səlahiyyəti var, amma nəticədə Azərbaycana başqa ölkənin ordusu daxil olursa, bu, parlamentdə müzakirə olunmalı və ratifikasiya edilməli idi.

E.Fəttah baş verənləri hüquqi baxımdan ilhaq və işğal faktı kimi dəyərləndirir. O hesab edir ki, ölkəyə sülhməramlıların girişinə razılıq verilməsi konstitusiyanın pozulmasıdır: “Bu qərarın parlamentlə razılaşdırılmadan qəbulu nəticə etibarilə dövlət başçısının öz səlahiyyətlərini aşmasıdır”.

Onun sözlərinə görə, son 25 ildə vaxtaşırı konsitusiyaya edilən dəyişikliklər parlamentin öz səlahiyyətlərini itirməsinə gətirib çıxarıb və parlamentin razılığı ilə icra olunmalı az saylı məsələlərdən biri noyabrın 10-da bu qurumdan kənarda reallaşdırılıb:

“Müharibədə Azərbaycan ordusunun işğal altında olan torpaqlara bayraq sancması mühüm uğurdur. Bu da hökümətə azad edilən torpaqlardan özünə qalxan düzətməsinə imkan yaradır. Torpaqların azad edilməsi heç bir halda ölkənin ərazisinə başqa bir ordunun girməsini şərtləndirməməli idi”.

“Konstitusiyada bu kimi hallar üçün konkret mexanizm nəzərdə tutulmalıdır”

Konstitusiya məsələləri üzrə ekspert, hüquqşünas Fuad Ağayev bildirir ki, noyabrın 10-da üç ölkə rəhbəri arasında imzaqlanan bəyanat faktiki olaraq beynalxalq əhəmiyyətə malik öhdəlikdir. Onun sözlərinə görə, bu bəyanat Azərbaycanın Dağlıq Qarabağda suveren hüquqlarını məhdudlaşdırır:

“Fikrimcə, konstitusiyada bu kimi hallar üçün konkret mexanizm nəzərdə tutulmalıdır”.

F.Ağayev hesab edir ki, bu  bəyanatda nəinki Milli Məclisin, Azərbaycan xalqının iradəsi də ifadə olunmalı idi, “amma bunu xalqdan soruşan olmadı”.

Hüquqşünas bildirir ki, 1990-cı illərdə Azərbaycan hökümətinin ən böyük uğurlarından biri işğalçı rus ordusunun ölkədən çıxarılaması idi, amma noyabrın 10-da imzalanan bəyanatla sülhməramlıların ölkəyə girməsi ilə o nailiyyət heç edildi.

“Milli Məclisin bəyanata ciddi reaksiya verməməsi konstitusiyanın qüsurları ilə bağlı deyil, parlamentin tərkibinin formalaşması ilə əlaqədardı. Əgər Milli Məclisin deputatlarının heç olmasa, bir hissəsi mandatlarını xalqın iradəsi əsasında qazanmış olsaydılar, dərhal reaksiya verərdilər”.

Deputat Osman Nəsurullayev fərqli düşünür, hesab edir ki, atəşkəsi bərqərar edən bu bəyanatı parlamentdə ratifikasiya etməyə ehtiyac yox idi:

“Bəyanatın imzalanması sırf mərkəzi icra orqanının səlahiyyətinə aid məsələ idi. Ali baş komandan Azərbaycan Respublikası adından bu bəyanatı imzalamaqda tam səlahiyyətlidir”.

Deputatın sözlərinə görə, Rusiya sülhməramlılarının ölkəyə gəlməsi parlamentdə müzakirə ediləcək mövzu deyil:

“Bu o halda müzakirəyə çıxarıla bilər ki, ölkə sərhədləri daxilində Rusiya hərbi bazası yaradılsın. Dağlıq Qarabağa 90 zirehli döyüş maşını, 1960 canlı qüvvə və 380 avtomobilin gətirlməsi bəyanatın mətninə tam uyğundur. Yəni burada hər hansı ağır silahların ölkəyə gətirilməsindən söhbət getmir”. 

Respublika, ya krallıq?

Hüquqşünas Elman Fəttah deyir ki, konstitusiyaya dəyişikliklər və düzəlişlərdən sonra Azərbaycanın prezident respublikası, yoxsa krallıq olduğu anlaşılmır. Onun sözlərinə görə, sənədə 2016-cı ildə edilən dəyişikliklər Azərbaycanı prezidentli idarəetmədən super prezidentli üsul-idarəyə çevirib:

“Prezidentli respublikada prezidentin parlamenti buraxmaq səlahiyyəti yoxdur. Bzim dəyişikliklərdə vitse-prezidentlik insitutu da fərqli formada yaradıldı. O, seçkili orqan əvəzinə təyinatlı orqana çevrildi. Məsələn, Amerikada vitse-prezidentlik instiutu seçkilər yolu ilə tənzimlənir”.

Elman Fəttah Azərbaycanda 30 ildir ki, konstitusiyaya zidd addımlar atıldığını, məsələn, seçkilərin saxtalaşdırıldığını, insan haqlarının məhdudlaşdırıldığını vurğulayır. Onun sözlərinə görə, “Azərbaycan Konstitusiyası İlham Əliyevin səlahiyyətlər toplusudur”.

Fuad Ağayev isə konstitusiyanın qəbul olunduğu gündən indiyədək sənədin ciddi dəyişikliklərə məruz qaldığını bildirir, düzəlişlərin hüquqi dövlətə uyğun olmadığını qeyd edir.

Deputat Osman Nəsurullayev isə bildirir ki,  Azərbaycan Konstitusiyası dünyanın ən inkişaf etmiş ölkələrinin qanunlarına uyğun tərtib edilib:

“Demorkratikləşmə, insan hüquq və azadlıqları, hakimiyyət bölgüsü və s. baxımından ölkə konsitutsiyası bütün standartlara cavab verir”.

O hesab edir ki, sənədə olan bütün dəyişikliklər onun modernləşməsinə yönəlib.