Ermənistan İranın nizamlanma planını qəbul etmir?

İranın Qarabağ münaqişəsinin nizamlanması üzrə xüsusi nümayəndəsi Abbas Arakçı Azərbaycan İctimai Televiziyasına müsahibəsində bildirib ki, Tehranın planı suverenliyə və ərazi bütövlüyünə, sərhədlərin pozulmazlığına, işğala son qoyulmasına, azlıqların hüquqlarına hörmət olunmasna və qaçqınların qayıtmasına əsaslanıb. Bununla o, əvvəllər təklif olunan və ATƏT-in Minsk Qrupu tərəfindən işlənib hazırlanmış  , lakin reallaşdırılmamış nizamlama prinsiplərini təsdiqləyib.

Bəlkə də yeganə fərq İranın nizamlanmada iştirakıdır və Fransa ilə ABŞ-ın vasitəçilik sıralarından xaric edilməsidir. Tehran nümayəndəsinin sözlərindən belə nəticə çıxarmaq olar.

“Realist baxış, regional yanaşma və regionun nüfuzlu ölkələrinin iştirakı İran planının tərkib hissəsidir və bu plan regional tərəfdaşlıq çərçivəsində bu məsələni həll etməyə və hər iki tərəfi öz tələblərini yerinə yetirməyə çağırmağa yönəlib”, -Arakçi bildirib.

“Əgər bütün tərəflər vicdanla hərəkət etsələr və münasibətləri pozmaq istəyən regiondankənar bəzi ölkələrin müdaxiləsi aradan qalxarsa, biz nəticə əldə edə bilərik”, – Arakçı qeyd edib.

Xatırladaq ki, ötən həftə Tehranın nümayəndəsi Bakı, Moskva, Ankara və Yerevana səfər edib və İranın təşəbbüsünü təqdim edib. Bütün tərəflərin reaksiyası təmkinli olub, Yerevanda isə Tehranın ideyasını “öyrənməyi” vəd ediblər. Sonradan Ermənistan hökumətinə yaxın ekspertlər işarə ediblər ki, Tehranın planı Yerevanı qane etmir,  çünki Ermənistanın artıq imtina etdiyi şeyi nəzərdə tutur.