Fransa Senatı “DQR”in tanınması zərurətinə baxacaq

Fransa Senatı noyabrın 18-də “Dağlıq Qarabağ Respublikasının tanınması zərurəti haqqında” qətnamə layihəsini səsverməyə çıxarmaq qərarı qəbul edib. Bu barədə Sputnik Armeniya-nın Telegram kanalında məlumat verilib.

Layihəni Senatın beş ən böyük siyasi fraksiyasının rəhbərləri – Bruno Retalye, Patrik Kanne, Erve Marmel, Elian Assassi, Giy Qontar imzalayıblar.

Elə həmin gün Paris şəhər şurası da Qarabağı tanımağa çağırıb.

Fransa Senatının (parlamentin yuxarı palatası) qətnamələri tövsiyə xarakteri daşıyır: icra hakimiyyəti onları yerinə yetirmək məcburiyyətində deyil, deyə RİA Novosti qeyd edir.

Bundan əvvəl rəsmi Paris Dağlıq Qarabağ münaqişəsində erməniləri dəstəkləyib. Xüsusən, müharibə başa çatdıqdan sonra Fransa prezidenti Emmanuel Makron Ermənistan baş naziri Paşinyanla söhbətində Ermənistana və onun xalqına qarşı dostluq hisslərini xatırladıb.

Oktyabrın 18-də Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, ABŞ və onların Avropadakı müttəfiqləri erməni və azərbaycanlı milliyyətçiləri Dağlıq Qarabağda atəşkəs haqqında razılaşmaları pozmağa təhrik edir. Narışkin qeyd edib ki, xidmətdə olan məlumata görə, erməniləri qondarma Dağlıq Qarabağ Respublikasında (DQR) sülhün “Yerevanın məğlubiyyəti” olduğuna inandırmağa çalışırlar.

Noyabrın 17-də bildirilib ki, ABŞ dövlət katibi Maykl Pompeo və Fransanın XİN başçısı Jan-İv Le Drian Parisdə danışıqlar zamanı Moskvadan “DQR-də hərbi əməliyyatların dayandırılmasında Türkiyənin roluna, habelə əldə edilmiş razılaşmanın şərtlərinə daha çox aydınlıq gətirməyi” tələb ediblər.

Rusiyanın XİN başçısı Sergey Lavrov qeyd edib ki, Moskva “münaqişənin başlanğıcından etibarən” ABŞ və Fransadan olan həmsdərlərlə sıx əməkdaşlıq şəraitində işləyib. Rusiya münaqişənin qaynar mərhələsinin başa çatması üçün çox səy göstərib. Onun sözlərinə görə, Dövlət Departamentinin məlumat çatışmazlığı haqqında bəyanatı bəyanat müəlliflərinin məlumatsızlığını əks etdirir və ya anlaşılmazlıqdır.

Rusiya prezidenti Vladimir Putin Vaşinqton və Parisin Dağlıq Qarabağ nizamlanmasında iştirak etmədiklərinə görə inciyə biləcəkləri haqqında fikirləri şişirdilmiş hesab edir.

Noyabrın 10-dan etibarən Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması haqqında saziş noyabrın 9-da prezident Putin, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanıb.

Sənəddə eyni zamanda Rusiya sülhməramlılarının regiona yeridilməsi, münaqişə tərəfləri arasında əsirlərin dəyişdirilməsi, Qarabağ ətrafındakı yeddi rayonun Azərbaycana qaytarılması və Ermənistan silahlı qüvvələrinin oradan və Qarabağın özündən çıxarılması nəzərdə tutulur.

Xatırladaq ki, rəsmi Bakı Dağlıq Qarabağın müstəqilliyini tanıyan ölkə ilə diplomatik münasibətləri kəsəcəyini bəyan edib.