Koronavirus Almaniyanı borc götürməyə məcbur etdi

Almaniya hökuməti 160 milyard avro həcmində borc götürmək niyyətindədir. Bunu Almaniyanın maliyyə naziri Olaf Şolts jurnalistlərə açıqlamasında deyib (“Reuters”, 23 noyabr).
Alınan vəsaitin COVİD-19 pandemiyasından iqtisadiyyata dəyən ziyanı minimuma endirmək üçün sərf olunacağı bildirilir. Bu məbləğ çatışmayan xərcləri ödəməyə, ölkə iqtisadiyyatını stimullaşdırmağa və təhlükəsizliyin təmin edilməsinə imkan verəcək.
Verilən xəbərə görə, Almaniya hökuməti əvvəlcə 96 milyard avro məbləğində borca girmək niyyətində olsa da, sonradan bu məbləğin kifayət etmədiyi məlum olub və hökumət sonda 160 milyard avro borc götürməli olub.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq Almaniya yüngül karantin rejiminə keçib. Ölkə kansleri Angela Merkel yoluxma hallarının yüksək olmasına baxmayaraq, sərt karantin rejiminə keçməyin mümkün olmadığını deyib. Kansler bəyan edib ki, ölkə sərt karantin rejiminə keçsə, Almaniya iqtisadiyyatı buna dözməyəcək.