Müstəqil Belarus kilsəsi Lukaşenkanı ‘lənətləyib’

Belarus Müstəqil Pravoslav Kilsəsinin başçısı arxiyepiskop Svyatoslav Login noyabrın 22-də Kanadanın Toronto şəhərindəki müqəddəs Kiril Turovski məbədində keçirilən ibadət zamanı Belarusda hakimiyyətini qoruyub saxlamağa çalışan prezident Alyaksandr Lukaşenkanın lənətlənməsi barədə müraciəti oxuyub.

Arxiyepiskop Login Lukaşenkanı “keçmiş prezident”, “hakimiyyət qəsbkarı”, “diktator” və “Belarus xaqının zülmkarı” adlandırıb.

Müraciətdə deyilir ki, arxiyepiskop və kilsə rahibləri “Belarusda yaralanmış və həlak olmuş etirazçılar üçün dualar ediblər”.

Daha sonra qeyd olunur ki, “bu iztirab və qurbanlar əbəs deyildir, onlar həmvətənləri xeyir naminə şər və yalana qarşı, habelə ölkənin müstəqilliyi uğrunda mübarizəyə ruhlandırır”.

Belarus dilində “anafema” adlandırılan lənətləmə subyektin kilsədən qovulması anlamına gəlir.

Belarusun avtokefal pravoslav kilsəsi Belarus kilsələri tərəfindən tanınmır və onların fətvaları qanuni sayılmır.

Müstəqil Belarus Kilsənin ABŞ, Kanada, Avstraliya, Britaniya və Belarusun özündə də kilsəsləri var.

Bu kilsələr ibadətdən başqa, həm də xeyriyyəçiliklə məşğul olur.

Belarusda keşişlər də təqib olunur

AzadlıqRadiosunun Belarus xidməti yazır ki, İstanbuldakı Pravoslav Patriarxlığından rəsmi status alması üçün Belarus müstəqil kilsəsi, əvvəlcə Belarus dövləti tərəfindən tanınmalıdır.

Belarus dövləti hələlik bu addımı atmayıb. Əksinə 2019-cu ildə Minskdə Belarus müstəqil kilsəsinin keşişləri Leonidin (Akaloviç) və Vikentinin (Kovalkov) məhkəməsi olub.

Onları “qanunsuz kütləvi siyasi aksiyanın təşkilində” ittiham edirdilər.

Buna səbəb Minskin Azadlıq meydanındakı Svyato-Duxova məbədinin qarşısında keçirilən ibadət olmuşdu.

Məhkəmə keşişləri məhkum etməmişdi.

Bu yaxınlarda Belarusun Baş Prokurorluğu Belarus Pravoslav Kilsəsinin mətbuat katibi Sergey Lepinə və Minsk-Mogilyov arxiyeparxiyasının yepiskopu Yuri Kosobutskiyə xəbərdarlıq edib.

Onlar sosial mediada paylaşdıqları postlarda Lukaşenkaya qarşı çıxan etirazçıları dəstəkləyirdilər.