Prezidentin barəsində danışdığı Tofiq Qasımov Qarabağla bağlı hansı addımları atıb?

Xarici işlər naziri. Heç bir dildə danışa bilməyən təsadüfi bir adam, fizika müəllimi. Hansı ki, ümumiyyətlə, başa düşmürdü xarici münasibətlər nədir, beynəlxalq norma, prinsiplər nədir? Sadəcə olaraq, turist kimi ora-bura gedirdi və ağzına gələni danışırdı”. 

Bu sözləri prezident İlham Əliyev Kəlbəcərin azad olunması ilə bağlı xalqa müraciəti zamanı AXC-Müsavatın hakimiyyəti dövründə Xarici İşlər naziri olmuş Tofiq Qasımov barədə deyib.

Tofiq Qasımovun siyasi fəaliyyəti barədə nələr məlumdur?

Siyasi fəaliyyətə 1987-ci ildən başlayan Tofiq Qasımov AXC‐nin Təşəbbüs qrupunun və ilk İdarə Heyətinin üzvü, sədrin xarici əlaqələr üzrə müavini, AXC Məclisinin üzvü olub.

1990‐cı ilin fevralında Moskvaya ezam edilib, 100‐dən çox xarici agentlik nümayəndələri və müxbirlərlə görüş keçirərək 20 yanvar hadisələri barədə məlumat verib.

Azərbaycan Ali Sovetində 23 sentyabr 1989‐cu ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Suverenliyi haqqında Konstitusiya Qanunu”-nun müzakirəyə çıxarılmasının təşəbbüskarlarından olub.

1991‐ci il oktyabrın 18‐də Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsinin təşəbbüskarlarından və Azərbaycanın müstəqilliyi haqqında Konstitusiya aktının müəlliflərindən biridir.

1992‐ci ilin mayında Azərbaycanın Xarici İşlər naziri təyin edilib və 1993‐cü il iyunun 26‐dək bu vəzifədə çalışıb.

Nazir olduğu müddətdə hansı işləri görüb? 

• Azərbaycanın 150‐ə yaxın xarici ölkə ilə diplomatik əlaqələri qurulub, bəzi böyük dövlətlərin Azərbaycanda, Azərbaycanın da bu dövlətlərdə səfirlikləri açılıb

• Azərbaycan ATƏT, İqtisadi Əməkdaşlıq Təşkilatı, Qara dəniz İqtisadi Əməkdaşlığı Təşkilatı, Asiya və Sakit okean Əməkdaşlığı Təşkilatına və bir çox digər təşkilatlara üzv olub

• Azərbaycan bir çox beynəlxalq konvensiyalara, o cümlədən İnsan haqları bəyannaməsinə, Cenevrə konvensiyasına

• Nüvə silahlarının yayılmaması haqqında konvensiyaya

• Kimyəvi və baktereoloji silahların qadağan olunması haqqında konvensiyaya qoşulub.

BMT‐nin 47‐ci Baş Assambleyasında iştirak və məruzə edib. BMT Baş Katibi ilə Azərbaycanda BMT‐nin nümayəndəliyinin açılması haqqında sazişi imzalayıb.

Tofiq Qasımovun nazir olduğu dövrdə Qarabağ məsələsi ilə bağlı hansı addımlar atılıb?

1993‐cü il fevralın 29‐da Romada ATƏT çərçivəsində bir komissiya yaradılaraq “Dağlıq Qarabağda yerləşdirilmiş ağır silahların mənşəyinin araşdırılması və onların yararsız hala gətirilərək məhv edilməsi haqqında” sazişi imzalanıb.

1993‐cü il aprelin 6‐da Ermənistan‐Azərbaycan münaqişəsinin tənzimlənməsi məsələsi BMT Təhlükəsizlik Şurasının icraatına verilib. Bundan sonra aprelin 8‐də T.Qasımov Nyu‐Yorka gedib, BMT Baş Katibi və BMT yanındakı təşkilatlarının nümayəndələri ilə görüşlər keçirib.

Həmin il aprelin 27‐28‐də yenidən TŞ-nın bütün üzvləri ilə təkrar görüşlər keçirib. Aprelin 29-dakı toplantıdan sonra BMT TŞ-nın 822 №‐li qətnaməsi qəbul edilib.

Qətnamədə nə tələb olunurdu?

Qətnamədə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş bütün ərazilərini dərhal və qeyd‐şərtsiz boşaltmalı olduqları tələb olunurdu. Qətnamənin icrası istiqamətində ilk addım olaraq ATƏT çərçivəsində Finlandiya nümayəndəsinin başçılığı ilə 60 nəfərdən ibarət müşahidəçi dəstəsi hazırlandı. Ardınca Kəlbəcərin erməni yaraqlılardan təmizlənməsi haqqında saziş imzalandı. Sazişə görə Kəlbəcər bölgəsi iyunun 14‐dən 29‐a qədər silahlı dəstələrdən təmizlənməli, dinc əhali daimi yaşayış yerlərinə dönməli və oraya beynəlxalq müşahidəçilər gəlməli idi. Lakin Gəncə hadisələri səbəbindən Azərbaycan tərəfi onların təhlükəsizliyinə təminat verə bilmədiyindən tezləşməsini tövsiyə etdi. Lakin bu istəyə nail olunmadı.