Vuruşduq, qalib gəldik və Şuşanı tərk elədik… – Əfqan Muxtarlı

Əfqan Muxtarlı

Gəlin sizə Şuşanın işğalından danışım. Lap əvvəldən. Onda hələ Üzeyir bəyin büstü gülələnməmişdi. Mədəniyyət evinin arxasında Xan qızı Nətavanın evində yerləşən “batalyon”umuzdan danışım – Milli Qəhramanımız Ramız Qəmbərovun könülülər “batalyon”undan… Kazarmamız 2-ci mərtəbədə sağda ən küncdəki otaqda yerləşirdi.

Zaqatala uşaqlarının otağı. Yanımızda Əlibayramlı uşaqları olurdu. Aşağıda Sumqayıt uşaqları, beyləqanlılar. Xalq Cəbhəsinin batalyonu idi: Azərbaycanın hər bölgəsindən cəbhəcilər vətəni qorumağa gəlmişdi. Bir də Pənah vardı: “batalyon”un ən gənc, daha doğrusu, yeniyetmə döyüşçüsü – Ramiz Qəmbərovun son döyüşündə şəhid olan Pənah.

Bizim postumuz “Aşağı Zapravka” postu idi. Xankəndi-Şuşa yolunun üstündə. Xankəndi əlimizin icindəki kimi görünürdü. Piyada 15-20 dəqiqəlik yol idi Xankəndinə. Səhər erməniləri Əlibayramlıda düzəldilmiş minaatandan acılan atəşlə “salamlayırdıq”. Hər atəşdən sonra Xankəndindən gələn təciliyardım maşınlarının siqnaları eşidilirdi.

Rəhmətlik Albert həmin posta keşik cəkirdi. Mirşahin Albertlə müsahibəni həmin posta almışdı. Müsahibədən sonra Albertdən Xankəndinə atəş açmasını xahiş edirdi Mirşahin. Albert dedi ki, snaryadı zülmlə tapırıq, hara atım boşuna?

Mirşahin qırsaqqız olub əl cəkmədi sonda Albert snaryadı boşuna atdı. Qarşıdakı boş binanın sonuncu mərtəbəsinə. Post komandirimiz Asiflə rəhmətlik Cavad olurdu. Cavd Şuşa verilən gün “Zapravka” postunda şəhid oldu. Asif isə yaranlanmışdı.

Qospitalda bir yerdə olduq. 2 gün posta olduqdan sonra dincəlirdik. Sülünün çayxanası idi istirahət yerimiz. Şuşa veriləndən sonra Şuşa kinoteatırının yanında çayxana açmışdı. Amma nə çay həmin cay idi, nə də Sülü həmin Sülü…

Ramiz Şuşa verilməzdən əvvəl – aprelin 29-da Kosalar Kərkicahan uğrunda gedən döyüşlərdə yaralandı. Bir gün sonra şəhid oldu. Onunla birgə sonralar Azərbaycan mətbuatının ən işıqlı simalarından biri olan İbrahim Bayandurlu da ağır yaralandı.

İllər boyu Şuşada aldığı yaraların ağrısını cəkdi İbrahim. Həmin yaralara görə həyətını itirdi…

Şuşa verilən gün posta deyildim. Posta Mustafa Hacıbəyli olub. Mustafa “Aşağı Zaprafka” postunun son günü barədə “Tankçı Albert – yəhudi xilaskarım” adlı məqalə yazıb. Oxumağınız məsləhətdi…

Şuşaya hücüm səhər tezdən top atəşləri ilə başladı. Təsəvvür edin ki, hamımıza çatası avtomat yox idi “batalyon”da. Kim qabağa düşdü avtomat alıb şəhəri müdafiəyəyə gedirdik. Əvvəl Şuşa türməsinin yanında, daha sonra “qırx pilləkən” adlanan ərazidə döyüşə girməli olduq.

Düşmən iki dəfə şəhərə yaxınlaşa bildi. Tar sexinin içinə kimi girə bilmişdilər. Şəhid “batalyon” komandiri Tofiq Oğuz tar sexinə girən erməniləri sonuna kimi məhv etdi. Zaprafka postunda düşmən xeyli itki vermişdi. “Batalyon”umuz ən böyük itkini həmin posta verdi. 35 nəfərdən 4-5 nəfər sağ çıxa bilmişdi mühasirədən…

Albert xilas etmişdi onları. Qəbirsiz qəhramanlarımız: Aslan, Kürd Yaşar, Əkbər, Afər, Abdulla … son damla qanlarına qədər şəhəri qorumuşdular. 120 nəfər şəhid olmuşdu həmin gün. Onlardan 80 nəfəri Ramiz Qəmbərovun “batalyon”unun uşaqları idi. Bir də Albert müəmmalı şəkildə türmənin yanında şəhid oldu. Tankçı avtomat gülləsinə tuş gəldi…

Düşmən mayın 8-də şəhəri ala bilmədi. Həddən artıq böyük itki verərək geri cəkildi. Amma biz şəhəri qoruya bilmədik. Əvvəl Ayaz Mütəlibova sadiq qüvvələr, daha sonra digərləri Şuşanı tərk etdi.

İndi Şuşanı tərk edən komandirlərdən ikisi Müdafiə Nazirliyində yüksək vəzifələr tutur. Şuşada yeganə zirehli texnikaya sahib olan “batalyon”un komandir müavini Rövşən Əkbərov və birqada komandiri olan Elburus Orucov…

Biz Şuşanı düşməndən qorumuşduq. Ermənilərin Şuşanın girişinə qoyduqları tank abidəsi əslində “Erməni yalanı” abidəsi  adlanmalıdır. Şuşaya heç bir tank girməmişdi mayın 8-də.

Mayın 8-də düşmənlə vuruşduq, qalib gəldik və Şuşanı tərk elədik…

Əfqan Muxtarlı, Qarabağ qazisi