Rusiyanın vaksini ‘20 dollardan ucuz olmayacaq’

Noyabrın 24-də beynəlxalq bazarda Sputnik V-nin qiyməti bəzi Qərb rəqiblərindən ucuz olub. Məsələn, Pfizer şirkətinin hazırladığı vaksinin dozası 15.5 avrodur

Rusiyanın koronavirusa qarşı Sputnik V vaksininin iki dozası beynəlxalq bazarlarda “20 dollardan ucuz başa gəlməyəcək”, ancaq Rusiya vətəndaşları üçün pulsuz olacaq. Bunu sözügedən vaksini hazırlayanlar və dəstəkləyənlər bildirir.

Noyabrın 24-də beynəlxalq bazarda Sputnik V-nin qiyməti bəzi Qərb rəqiblərindən ucuz olub. Məsələn, Pfizer şirkətinin hazırladığı vaksinin dozası 15.5 avrodur.

500 milyon nəfər üçün vaksin

Ancaq Rusiya vaksini AstraZeneca şirkətinin vaksinindən çox bahadır, sonuncunun bir dozası Avropada 3 dollara satılacaq.

Rusiyanın suveren sərvət fondu bəyanatında bildirib ki, Moskva və tərəfdaşları gələn ildən bir milyard dozadan artıq vaksin istehsal edə bilərlər ki, bu da 500 milyon nəfərə bəs edır.

“Fondla xarici farmaseptik şirkətlər arasındakı mövcud razılaşmalar xaricdə ilə 500 milyon nəfər üçün Sputnik V vaksini hazırlamağa imkan verir”, – bəyanatda vurğulanır.

Klinik sınaqlar Sputnik V-nin 28-ci gün 91.4, 42-ci gün isə 95 faiz effektli olduğunu göstərib. Bunu fond Rusiyanın Səhiyyə Nazirliyi, Gamaleya Milli Mərkəzi ilə birgə yaydığı başqa bir bəyanatda açıqlayır.

Onların bildirməsinə görə, 22 min könüllüyə birinci, 19 mindən çox könüllüyə isə hər iki doza vurulub.

Sınaqlar davam edir

Sınaqların Birləşmiş Ərəb Əmirlikləri, Venesuela, Belarusda da aparıldığı qeyd olunur.

Rusiya ilk ölkə olaraq koronavirus vaksinini ümumi ictimai istifadəyə təsdiqləyib. Sputnik-V avqustda qeydiyyatdan keçirilib, sentyabrda isə irimiqyaslı sınaqlar başlanıb.

Vaksin Rusiyada artıq səhiyyə işçilərinə, yüksək risk qruplarına vurulub. Amma Avropa Birliyinin müvafiq orqanı tərəfindən hələlik dəyərləndirilməyib.

Dünyada koronavirusa yoluxmaların artdığı bir məqamda yeni vaksinlərin gələn yazadək əlçatan olacağına da ümidlər yaranıb. Artıq Qərb şirkətlərinin hazırladıqları vaksinlərin ilk dozaları dekabrda tətbiq oluna bilər.

Dünyada hazırda 10-dan artıq vaksin hazırlanma mərhələsindədir.